ABŞ-da ukraynalı qaçqınların müvəqqəti müdafiə statusu qüvvədə qalır
ABŞ-da yaşayan təxminən 100 min ukraynalı qaçqın hələlik deportasiya təhlükəsi olmadan ölkədə qalmaq və işləmək hüququnu saxlayacaq.
AFN.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Ukraynalılara verilən “müvəqqəti müdafiə olunan şəxs” statusunun müddəti oktyabrın 19-da başa çatır. Lakin nazirlikdə yekun qərarın vaxtında veriləcəyini bildiriblər. Qərar açıqlanana qədər ukraynalılar deportasiyadan müdafiə olunmaq hüququnu saxlayacaqlar.
ABŞ prezidenti Donald Trampın administrasiyası bu proqramı müvəqqəti xarakter daşımasına baxmayaraq, tez-tez uzadılan qeyri-qanuni miqrantlar üçün amnistiya adlandırıb. Son il yarımda ABŞ hakimiyyəti Əfqanıstan, Haiti və Venesuela da daxil olmaqla, ondan çox ölkədən 1 milyondan artıq miqrantı müvafiq statusdan məhrum edib.
1990-cı ildə Konqres tərəfindən yaradılan proqram silahlı münaqişələrin, ekoloji fəlakətlərin və digər böhranların baş verdiyi ölkələrdən olan miqrantlara deportasiyanın müvəqqəti təxirə salınması və işləmək icazəsi verilməsinə imkan yaradır. Ukrayna vətəndaşlarına bu proqram 2022-ci ilin yazından tətbiq olunur.

