ABŞ-da 100 minə yaxın ukraynalı qaçqının gələcəyi sual altındadır
ABŞ administrasiyası ölkədə yaşayan təxminən 100 min ukraynalının müvəqqəti müdafiə statusunu uzatmamaqla onların gələcəkdə ölkədə qalmaq hüququnu itirməsinə səbəb ola bilər.
AFN.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyasının oktyabrın 19-dək ölkədəki ukraynalılara verilmiş müvəqqəti müdafiə statusunu uzadıb-uzatmayacağına qərar verməsi gözlənilir. Status ləğv edilərsə, həmin şəxslər ABŞ-ı tərk etməli olacaqlar.
Nəşrin mənbələrinin sözlərinə görə, administrasiya statusu rəsmi şəkildə ləğv etməmək, lakin onun müddətinin başa çatmasına imkan vermək qərarına gələ bilər. Bu halda status avtomatik olaraq daha altı ay uzadılacaq.
“Politico” qeyd edir ki, ABŞ hakimiyyəti daha əvvəl El Salvador vətəndaşları ilə bağlı oxşar addım atıb. Nəticədə həmin şəxslər ABŞ-da qalmaq imkanlarını qoruyub saxlasalar da, işləmək və təhsil almaq hüquqlarının vəziyyəti qeyri-müəyyən olub.
Nəşrin yazdığına görə, belə bir yanaşma administrasiyaya miqrasiya məsələsində sərt mövqedə olan tərəfdarların tələblərini nəzərə almağa, eyni zamanda ukraynalıların deportasiyasından yayınmağa imkan verə bilər.

