Müsəlmanların sayı 2035-ci ildə xristianları üstələyə bilər - ARAŞDIRMA



ABŞ-da aparılan araşdırmaya görə, mövcud demoqrafik tendensiyalar davam edərsə, İslam 2035-ci ildə dünyada ən çox tərəfdarı olan dinə çevrilə bilər. 

AFN.az xəbər verir ki, proqnozlara əsasən, həmin il dünya üzrə müsəlmanların sayı 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çatacaq.

Vaşinqtonda yerləşən Pew Araşdırma Mərkəzinin çərşənbə günü açıqladığı tədqiqatın nəticələrinə görə, hər iki dini icmanın əhalisi artsa da, müsəlman əhalinin sayı daha sürətlə artır. Məlumatlara əsasən, 2020-ci ildə dünyada müsəlmanların sayı 2 milyard olduğu halda, xristianların sayı təxminən 2,3 milyarda çatıb. 2070-ci ilə qədər isə müsəlmanların sayının 3,6 milyarda, xristianların sayının isə 3 milyarda yüksələcəyi gözlənilir.

Araşdırmaya görə, 2020-ci ildən sonrakı 50 il ərzində dünya əhalisinin də 29 faiz artacağı proqnozlaşdırılır. Eyni dövrdə müsəlman əhalinin 80 faiz, bütün məzhəblər üzrə xristian əhalinin isə 30 faiz artacağı ehtimal olunur.

Müsəlman əhalinin daha sürətlə artmasının əsas səbəbi kimi doğum göstəriciləri göstərilir. Araşdırmada bildirilir ki, 2020-2025-ci illərdə müsəlman qadınların hər birinə orta hesabla 3,1 uşaq düşüb. Xristian qadınlarda bu göstərici 2,5, digər dini qruplara mənsub qadınlarda isə 1,6 olub.

Araşdırmanın proqnozlarına əsasən, 2020-2070-ci illərdə doğum və ölüm arasındakı fərqdən qaynaqlanan təbii əhali artımı nəticəsində müsəlmanların sayı 1,6 milyard, xristianların sayı isə 792 milyon nəfər artacaq.

Dini mənsubiyyətin dəyişdirilməsinin də iki dini qrup arasındakı əhali balansına təsir göstərəcəyi, lakin bu təsirin doğum göstəriciləri ilə müqayisədə daha məhdud olacağı gözlənilir.

Proqnozlara görə, İslamı tərk edənlərlə bu dini qəbul edənlər arasındakı fərq nəticəsində müsəlman əhalidə xalis 8 milyon nəfərlik azalma qeydə alınacaq. Xristianlıqda isə bu azalmanın 105 milyon nəfərə çatacağı ehtimal edilir. Xristianlığı tərk edənlərin böyük hissəsinin özünü hər hansı dinə bağlı hesab etməyən insanlar sırasına qoşulacağı proqnozlaşdırılır.

İslam və xristianlıq arasında baş verəcək din dəyişikliklərinin isə bir-birini böyük ölçüdə tarazlaşdıracağı gözlənilir. Xristianlığı qəbul edəcək müsəlmanların sayının 9,2 milyon, İslamı qəbul edəcək xristianların sayının isə 9 milyon olacağı təxmin edilir.

Araşdırma əhali artımının əsasən müsəlmanların artıq çoxluq təşkil etdiyi ölkələrdə baş verəcəyinə işarə edir. 2020-ci ildə müsəlmanların çoxluqda olduğu 53 ölkədə 2070-ci ilə qədər daha 1,2 milyard müsəlmanın yaşayacağı gözlənilir.

Pakistanın müsəlman əhalisinin 227 milyondan 461 milyona yüksələrək ölkəni dünyada ən çox müsəlman əhalisi olan dövlətə çevirəcəyi proqnozlaşdırılır.

Xristian əhalinin artımının da əsasən xristianların çoxluq təşkil etdiyi ölkələrdə baş verəcəyi gözlənilir. Konqo Demokratik Respublikasında xristianların sayının 92 milyondan 299 milyona çatacağı ehtimal olunur.

Bunun əksinə olaraq, 2020-ci ildə dünyada ən çox xristian əhalisi olan ölkə ABŞ-da xristianların sayının 217 milyondan 174 milyona qədər azalacağı proqnozlaşdırılır.

Müsəlman əhalinin dünya miqyasında sürətlə artmasına baxmayaraq, 2070-ci ildə dünyanın əksər bölgələrində ən böyük dini qrupun yenə xristianlar olacağı gözlənilir.

Yaxın Şərq və Şimali Afrikada müsəlmanların əhalinin 95 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Dini bölgü baxımından ən böyük qrupun dəyişəcəyi yeganə bölgənin isə Asiya-Sakit okean regionu olacağı ehtimal edilir. Bu ərazidə müsəlmanların hər hansı dinə mənsub olmayan əhalini say baxımından geridə qoyacağı gözlənilir.

Saharaaltı Afrikada isə 2020-2070-ci illər ərzində xristian əhalinin 129 faiz, müsəlman əhalinin isə 166 faiz artacağı təxmin edilir. Bu vəziyyət xristianların sayı artsa da, onların ümumi əhali içərisindəki payının azalmasına səbəb olacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu