Britaniyada on minlərlə soyuducu haker hücumlarından gizli əməliyyatla qorundu



BBC-nin əldə etdiyi məlumata görə, Britaniyanın iri supermarketlərində, anbarlarında, restoranlarında, yanacaqdoldurma məntəqələrində və stadionlarında yerləşən on minlərlə soyuducu və dondurucunu haker hücumlarından qorumaq məqsədilə pərdəarxasında genişmiqyaslı kibertəhlükəsizlik əməliyyatı həyata keçirilib. 

AFN.az xəbər verir ki, əməliyyat çərçivəsində mümkün kiberhücumların qarşısını almaq üçün minlərlə soyutma qurğusunun internet bağlantısı kəsilib və müəssisələrə təhlükəsizlik tədbirləri görmək barədə xəbərdarlıq edilib.

Son dövrlərdə Avropada baş verən kiberhücum dalğaları nəticəsində yüzlərlə mağazada tonlarla ərzaq məhsulu xarab olub və milyonlarla funt sterlinq məbləğində zərər yaranıb. Fransa supermarketlərinə təsir edən hücum dalğalarından birinə görə İranı məsul tutsa da, Tehran bu iddianı rədd edir.

Britaniyanın soyutma sektorunda müxtəlif cihazlardan istifadə edilməsi səbəbindən ölkənin bu cür kiberhücumlardan böyük ölçüdə yayındığı düşünülürdü. Lakin sektorda təcili tədbirlər görülməsini tələb edən potensial təhlükəsizlik boşluğunun mövcud olduğu üzə çıxıb.

Təhlükəsizlik tədqiqatçıları oktyabrın sonunda hakerlər tərəfindən aşkarlanacağı təqdirdə Britaniyada daha böyük zərərə səbəb ola biləcək ciddi boşluq müəyyən ediblər. Həmin vaxtdan etibarən tədqiqatçılar, informasiya texnologiyaları qrupları və Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) onlarla şirkətə xəbərdarlıq etmək üçün fasiləsiz çalışıblar. BBC hakerlərin boşluğu aşkar edərək zərər vurması ehtimalını azaltmaq məqsədilə bu genişmiqyaslı gizli əməliyyat barədə indiyədək məlumat yaymayıb.

Təhlükəsizlik təhdidi Omega Systems şirkətində çalışan etik hakerlər tərəfindən aşkar edilib. Təhdid daha sonra təhlükə siqnalının verilməsinə kömək edən Pen Test Partners şirkətinin mütəxəssisləri tərəfindən təsdiqlənib və əhatə dairəsi ətraflı araşdırılıb.

Bundan sonra Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC), Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyi (Defra), eləcə də Qida Standartları Agentliyi (FSA) təhlükəsizlik boşluqlarının aradan qaldırılması kampaniyasına qoşulub. Qurumlar sektor nümayəndələri ilə telekonfranslar keçirib, risk altında olan şirkətlərlə əlaqə saxlamaları üçün xüsusi qruplar yaradılıb.

On minlərlə soyutma cihazını idarə edən minlərlə idarəetmə blokunun açıq internet bağlantısı uzaqdan, bəzi hallarda isə fiziki müdaxilə ilə kəsilib. İşçilərə internet kabellərini çıxarmaq və temperatur göstəricilərini əl ilə izləmək tapşırılıb.

BBC News-un əldə etdiyi məlumata görə, iri supermarketlərin əksəriyyəti bu riskləri aradan qaldırmaq üçün informasiya texnologiyaları qruplarını həmin işlərə cəlb etməli olub. Böyük supermarket şəbəkələrindən birinin əməkdaşı bir həftə ərzində hər gün yüzlərlə cihazın internet bağlantısını kəsdiklərini bildirib.

Adının açıqlanmasını istəməyən əməkdaş yeni soyuducu hücumları dalğasının gözlənildiyini və buna görə vəziyyətin əsl zamanla yarışa çevrildiyini deyib. O, fəaliyyətin dayanması və təchizat zəncirində yaranacaq problemlərin biznes üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini bildirib. Əməkdaşın sözlərinə görə, anbarlarda milyonlarla funt sterlinq dəyərində ərzaq saxlanılır və hakerlər bu hücum üsulunu öyrənsəydilər, həmin məhsullar xarab ola bilərdi.

Bu ilin əvvəlindən indiyədək soyutma sistemlərinin temperaturuna nəzarət edən idarəetmə bloklarına qarşı üç ayrı kiberhücum dalğası qeydə alınıb. Avqust ayında ABŞ-nin az sayda hərbi bazasındakı soyuducular hücumlardan təsirlənib. Oktyabrın 11-12-də Danfoss temperatur idarəetmə sistemlərinin hədəfə alınması nəticəsində Fransada yüzlərlə supermarket və qida emalı müəssisəsinə hücum edilib. Noyabrın 1-2-də isə Avropanın yeddi ölkəsində onlarla supermarket hədəfə alınıb. Bu hücumlardan ən çox Belçika və Lüksemburq zərər çəkib. Bundan başqa, Fransada az sayda qan bankı mərkəzi də hücumlardan təsirlənib.

Bu hücum dalğaları Omega Solutions şirkətinin mütəxəssislərindən birini Britaniyada ən geniş yayılmış və ölkənin Resource Data Management (RDM) şirkəti tərəfindən istehsal edilən soyutma sistemlərinin idarəetmə bloklarının təhlükəsizliyini araşdırmağa sövq edib. BBC-nin əldə etdiyi məlumata görə, RDM aşkar edilmiş boşluqların kritik xarakter daşıdığı fikri ilə razılaşmasa da, narahatlıqların aradan qaldırılması istiqamətində peşəkar yanaşmasına görə təqdir edilib.

Supermarketlərlə yanaşı, Britaniyanın qida və içki sektorunun digər sahələrinə də risklərə qarşı tədbirlər görmək barədə xəbərdarlıq edilib. Xəbərdarlıq alanlar arasında yerli mağazalar, yanacaqdoldurma məntəqələri, restoranlar, fastfud şəbəkələri, idman zalları, hotellər, qida emalı müəssisələri və soyuducu anbarlar da olub.

RDM şirkətinin hər bir idarəetmə bloku onlarla soyuducu və dondurucunun temperaturunu uzaqdan idarə etmək imkanına malikdir. Pen Test Partners şirkətinin nümayəndəsi Ken Munro bildirib ki, geniş yayılmış bu idarəetmə bloklarında əvvəlki hücumların hədəfi olan Danfoss və digər qurğulardakına bənzər zəif parol problemi mövcud idi. Buna görə də xəbərdarlığı mümkün qədər tez çatdırmaq və məlumatı məxfi saxlamaq lazım gəlib.

Munronun sözlərinə görə, hər yerdə istifadə edilən bu cihazlara maraq o qədər artıb ki, kibercinayətkarların və ya dövlət dəstəkli hakerlərin bu boşluğu aşkar etməsi, böyük ehtimalla, yalnız zaman məsələsi idi.

RDM isə kontinental Avropada hücuma məruz qalan idarəetmə blokları ilə aparılan müqayisələrin ədalətli olmadığını bildirib. Şirkətin iddiasına görə, onun istehsal etdiyi soyuducu və dondurucuların ələ keçirilməsi üçün avadanlığın bir hissəsinə fiziki çıxış əldə edilməlidir. Etik hakerlər isə sözügedən avadanlığın eBay kimi internet platformalarında ucuz qiymətə əldə edilə bilməsi səbəbindən bunun mümkün olduğunu bildiriblər.

RDM-in baş icraçı direktoru (CEO) Ged Evans təhlükəsizlik boşluğunun sınaq mühitində aşkar edildiyini deyib. O, aparılan testlərin avadanlığın sökülməsini də əhatə etdiyini və bu araşdırmanın belə yoxlamalar zamanı adətən görülən işlərdən daha irəli getdiyini bildirib.

Evans problemin həlli üçün dərhal tədbirlər gördüklərini, ilk proqram təminatı yeniləmələrini yayımladıqlarını və mümkün problemlər barədə məlumat vermək, eləcə də riskləri azaltmaq üçün müştərilərlə qabaqlayıcı şəkildə əlaqə saxladıqlarını qeyd edib. RDM idarəetmə bloklarında hər hansı zərərli fəaliyyət izinə rast gəlinmədiyini təsdiqləyib. Şirkət vəziyyəti izləmək üçün Milli Kibertəhlükəsizlik Mərkəzi və digər səlahiyyətli qurumlarla əməkdaşlığı davam etdirdiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu