GTA 6-nın satışları 2,36 milyard dolları keçərək rekord qırdı
13 illik gözləntidən sonra cümə axşamı satışa çıxarılan Grand Theft Auto 6 (GTA 6) video oyununun əyləncə sənayesi tarixində ən böyük təqdimat uğuruna imza atdığı ehtimal edilir.
AFN.az xəbər verir ki, Sensor Tower analitik platformasının məlumatlarına əsasən, açıq dünya janrında döyüş-macəra oyunu cümə axşamı etibarilə 24,5 milyondan çox nüsxə sataraq təxminən 2,36 milyard dollar gəlir əldə edib.
Bu ilin indiyədək ən çox gəlir gətirən filmi olan Spider-Man: Brand New Day kinoteatrlarda nümayiş olunduğu bütün müddət ərzində 2,5 milyard dollar qazanmışdı.
GTA 6-nın istehsalçısı Rockstar və onun ana şirkəti Take-Two oyunun satış göstəriciləri ilə bağlı ətraflı məlumat açıqlamayıb. Bununla belə, şirkətlər tələbatın görünməmiş səviyyədə olduğunu bildiriblər. BBC məsələ ilə bağlı mövqelərini öyrənmək üçün hər iki şirkətlə əlaqə saxlayıb.
Oyun Rockstar şirkətinin təxminən 30 illik tarixə malik və dünyanın ən populyar oyun seriyalarından birinə çevrilmiş kriminal simulyasiya franşizasının sonuncu hissəsidir. Amerika arzularına satirik baxış təqdim edən seriyada oyunçular Floridadan ilhamlanaraq yaradılmış Leonida ştatında peşəkar cinayətkarların rolunu canlandırırlar. Sonuncu oyun isə kiçikmiqyaslı cinayətlərlə məşğul olan Lusiya və onun ortağı Ceyson adlı iki yeni personajın hekayəsindən bəhs edir.
Hazırlanma xərclərinin 1 milyard dolları keçdiyi ehtimal edilən GTA 6 bu göstərici ilə tarixdə ən bahalı video oyun hesab olunur.
Sensor Tower GTA 6-nın böyük populyarlıq qazanacağını və oyunçuların digər təkoyunçulu layihələrə ayırdığı vaxtı 10 faiz azaldacağını proqnozlaşdırır. Araşdırma şirkəti qiymətləndirmələrinin hər gün milyonlarla insanı əhatə edən elektron poçt hesab-faktura məlumatlarına və digər statistik mənbələrə əsaslandığını bildirib. Şirkət, həmçinin GTA 6-nın satışa çıxarıldığı PlayStation və Xbox kimi böyük oyun platformalarındakı ictimai profilləri izləyir. Sensor Tower-in məlumatına görə, oyunun satışlarının təxminən dörddə üçü PlayStation 5, qalan hissəsi isə Xbox platforması üçün həyata keçirilib.
Oyun bazarı üzrə araşdırmalar aparan Niko Partners şirkəti GTA 6-nın bu il dünya üzrə 3 milyard dollardan çox satış gəliri əldə edəcəyini gözlədiyini açıqlayıb. Bu göstərici oyunu bütün zamanların ən çox gəlir gətirən əyləncə məhsulları sırasına daxil edəcək. Bununla belə, inflyasiya nəzərə alınmaqla təxminən 4,5 milyard dollar gəlir əldə etdiyi hesablanan 1939-cu il istehsalı Küləklə sovrulanlar (Gone with the Wind) filminin nəticəsinə çatmaq üçün GTA 6-nın qarşısında hələ uzun məsafə var.
Rockstar-ın qarşıdakı illərdə GTA 6-dan daha böyük gəlir əldə edəcəyi gözlənilir. Nyu-Yorkda yerləşən studiya oyunun kompüter (PC) versiyasının nə vaxt satışa çıxarılacağını, eləcə də oyunçulara internet üzərindən başqaları ilə qarşılıqlı əlaqə qurmaq və tapşırıqları yerinə yetirmək imkanı verəcək çoxoyunçulu əlavənin buraxılış tarixini hələ açıqlamayıb.
2013-cü ildə təqdim edilən GTA 5 nümunə götürülərsə, çoxoyunçulu rejim oyuna onlarla saatlıq əlavə oynanış müddəti qazandıracaq. Oyunçuların oyun daxilində mülklər, avtomobillər və digər üstünlüklər əldə etmək üçün real pul xərcləməsi isə Rockstar-ın gəlirlərini daha da artıracaq.
13 illik gözlənti və ardıcıl təxirəsalmalar oyuna marağı və onunla bağlı gözləntiləri daha da yüksəldib. Bəzi tənqidçilər GTA 6-nı indiyədək yaradılmış ən təsirli oyun təcrübələrindən biri kimi qiymətləndiriblər. Əyləncə mediası saytı IGN isə oyunu güzəştsiz mühəndislik yanaşması ilə hazırlanmış şah əsər adlandırıb.
GTA 6 cümə axşamı müxtəlif saat qurşaqlarında gecə yarısı satışa çıxarıldıqdan sonra bir çox oyunçu gecə boyu yatmayıb, bəziləri isə oyunu oynaya bilmək üçün ertəsi gün işdən icazə alıb.
Oyunçuların GTA 6-nın 212 giqabaytlıq böyük faylını konsollarına yükləmək üçün tələsməsi oyunun təqdimat günü Virgin Media O2-nin axşam saatlarında internet trafikinin rekord həddə çatmasına səbəb olub. Oyundakı açıq vizual məzmun Yaponiyada senzura tətbiq edilməsinə gətirib çıxarıb. Əvvəlki GTA versiyalarında olduğu kimi, bu oyun da Çin materikində satış üçün təsdiq almayıb.


