TikTok-un qurucusu Asiyanın ən zəngini oldu
TikTok-un ana şirkəti ByteDance-in qurucusu Çjan İminq 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən zəngin şəxsi titulunu əldə edib.
Çinli sahibkar Bloomberg-in məlumatlarına görə, 104,8 milyard dollarlıq sərvəti olan hindistanlı iş adamı Qautam Adanini geridə qoyub.
AFN.az xəbər verir ki, şirkətin təxminən 21 faizinə sahib olan Çjanın sərvəti BlackRock və Fidelity tərəfindən aparılan yeni qiymətləndirmələrdən sonra təkcə bu ay 12 milyard dollar artıb.
Bloomberg-in sərvətini izləməyə başladığı 2019-cu ildə 13 milyard dollar sərvəti olan Çjan aktivlərini 7 il ərzində təxminən 8 dəfə artırıb.
ByteDance-in TikTok və Douyin kimi populyar platformalarından əldə etdiyi məlumatlarla süni intellekt modellərini öyrətdiyi və texnologiya sahəsində böyük addımlar atdığı bildirilib.
ABŞ ilə yaşanan giriş məhdudiyyəti böhranına və tənzimləyici maneələrə baxmayaraq, şirkət süni intellekt sahəsində investisiyalarını davam etdirib.
Araşdırma şirkəti Omdia-nın baş analitiki Lian Cye Su Çjanın düzgün addımlar atdığını və süni intellekt investisiyalarını qətiyyətlə artırdığını bildirib.
Süni intellekt texnologiyasındakı inkişaflar qlobal milyarderlər siyahısını da sürətlə dəyişir. Dell Technologies-in qurucusu Maykl Dell süni intellekt yönümlü server gəlirlərinin təsiri ilə sərvətini 262 milyard dollara çatdıraraq dünyanın ən zəngin 5-ci şəxsi olub. Google-un həmtəsisçisi Larri Peyc isə süni intellekt modeli Gemini 3-ün elan edilməsindən sonra sərvətini 252 milyard dollara çatdıraraq ötən il Ceff Bezosu geridə qoyub.

