İran ABŞ-la Dohada keçirilməsi gözlənilən görüşdən imtina edib
İran irəli sürdüyü yeddi şərt üzrə praktiki addımlar atılmayana qədər ABŞ-la Dohada danışıqlar aparmağı planlaşdırmır.
AFN.az xəbər verir ki, bu barədə “Fars” agentliyi İranın təhlükəsizlik sahəsində yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, İranın danışıqlarla bağlı mövqeyi və planları dəyişməyib. Onun sözlərinə görə, ABŞ tərəfi Tehranın yeddi şərtinin yerinə yetirilməsi istiqamətində konkret addımlar atmayınca hər hansı görüş nəzərdə tutulmur.
Bu açıqlama İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Qətərdə görüşə biləcəyi barədə yayılan məlumatlar fonunda verilib.
Xatırladaq ki, Türkiyənin “Türkiye” qəzeti Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalına istinadən Qətərin gələn həftə Vens və Rzayi arasında danışıqlara ev sahibliyi edə biləcəyini yazmışdı. Rzayi isə daha əvvəl İran dövlət televiziyasına açıqlamasında Vensin məktubunu oxuduğunu, lakin hələ cavab vermədiyini bildirmişdi.



