Fransa İran diplomatını kiberhücumlara görə XİN-ə çağırıb


Fransa Avropada supermarketlərin soyuducu sistemlərinə qarşı həyata keçirilən kiberhücumlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əli olduğunu iddia edərək bu ölkəyə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir hücumların İrana müəyyən nəticələr doğuracağını vurğulayıb.

Fransanın “Le Figaro” qəzetinin məlumatına görə, ölkənin kəşfiyyat orqanları oktyabrın 11-dən 12-nə keçən gecə baş vermiş kiberhücumlar silsiləsinin ən azı bir hissəsini SEPAH-ın rəqəmsal bölməsi ilə əlaqələndirir. Hadisə ilə bağlı Paris prokurorluğu da araşdırmaya başlayıb.

Həmin gecə Fransada yüzlərlə supermarketin soyuducu sistemləri sıradan çıxarılıb. Nəticədə saxlanılan ərzaq məhsullarının bir hissəsi yararsız hala düşüb. Bəzi mağazalar yüz minlərlə avro zərər etdiklərini açıqlayıb, ölkə üzrə ümumi itkinin isə milyonlarla avroya çata biləcəyi bildirilir.

Noyabrın 2-də oxşar hücumlar Avropa İttifaqının daha 10-dan çox ölkəsində qeydə alınıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu