Merz: Ukraynaya bütün Aİ ölkələri maliyyə yardımı göstərməlidir


Almaniya kansleri Fridrix Merz Ukraynaya bütün Avropa İttifaqı (Aİ) üzvlərinin maliyyə yardımı göstərməsinə dair öhdəlik götürülməyəcəyi təqdirdə qurumun 2028-2034-cü illəri əhatə edən yeddiillik büdcəsinin qəbulunu bloklamaqla hədələyib.

AFN.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Merzin Avropa Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı məktuba istinadən məlumat yayıb.

Merz məktubunda bildirib ki, Almaniya Aİ-nin növbəti büdcəsini yalnız bütün üzv ölkələrin Ukraynanın maliyyə ehtiyaclarının qarşılanmasına töhfə verməyə razılaşacağı halda dəstəkləyəcək. Kanslerin fikrincə, bütün üzv dövlətlərin bu yükün ədalətli bölüşdürülməsində iştirakına dair kollektiv öhdəlik razılaşma üçün zəruri şərtdir.

Qəzetin yazdığına görə, Merz bu məsələni noyabrın 12-13-də Dublində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində və Aİ-nin qeyri-rəsmi toplantısında gündəmə gətirməyi planlaşdırır. Avropa Komissiyası isə ilin sonunadək maliyyələşmə ilə bağlı razılıq əldə etməyə çalışır. Brüsseldə müzakirə olunan variantlardan biri yeni birgə borc öhdəliklərinin buraxılmasıdır.

“Financial Times” qeyd edir ki, Bolqarıstan, Macarıstan, Slovakiya və Çexiya Ukraynaya maliyyə yardımı göstərməyəcəklərini bildiriblər. 2025-ci ildə Slovakiya, Macarıstan və Çexiya 90 milyard avroluq kredit üzrə faiz ödənişlərində iştirak etməmək hüququ əldə ediblər.

Merz məktubunda 2028-ci ildən etibarən Ukraynanın uzunmüddətli maliyyə təminatını mümkün edəcək və bütün üzv dövlətlərin dəstəkləyə biləcəyi həll yolunun tapılmasına çağırıb.

Qəzetin məlumatına görə, Berlin Aİ büdcəsinə ən böyük xalis töhfə verən ölkə olmasından danışıqlarda iqtisadi təsir vasitəsi kimi istifadə etmək niyyətindədir. Bolqarıstan, Macarıstan, Slovakiya və Çexiya isə Aİ büdcəsindən xalis vəsait alan ölkələr sırasındadır. İtaliya, Polşa və Fransada qarşıdan gələn seçkilərin də maliyyələşmə məsələsində kompromis əldə edilməsini çətinləşdirə biləcəyi bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu