Əlcəzair Nigerə hərbi qüvvə göndərməsinin səbəbini açıqlayıb
Əlcəzair terror hücumları və diversiya təhlükəsi səbəbindən Nigerin şimalına hərbi qüvvə göndərmək qərarına gəlib. Məqsəd iki ölkənin birgə enerji obyektlərini və layihələrini qorumaqdır.
AFN.az xəbər verir ki, bunu Əlcəzair Milli Xalq Ordusunun Baş Qərargah rəisi, ordu generalı Səid Şənqriha Oranda hərbçilərlə görüşü zamanı bildirib.
Generalın sözlərinə görə, Prezident Əbdülməcid Təbbunun Nigerə hərbi kontingent göndərilməsi barədə qərarı bu ölkənin hakimiyyətinin müraciəti əsasında qəbul edilib. O, addımın həm də konstitusiyanın müvafiq müddəalarına uyğun olaraq birgə enerji obyektlərinin və layihələrinin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını vurğulayıb.
Şənqriha qeyd edib ki, regionda terror və diversiya fəaliyyətindən qaynaqlanan təhlükələr hər iki ölkənin enerji infrastrukturu və investisiyalarının qorunmasını zəruri edir.
Xatırladaq ki, oktyabrın 25-də Əlcəzair parlamenti Nigerə hərbi qüvvə göndərilməsini təsdiqləyib. Səsvermə zamanı müxalif deputatlar əməliyyatın təfərrüatlarının açıqlanmadığını və qərarın partiyalarla müzakirə edilmədiyini bildirərək bitərəf qalıblar.




