Avropanın elektron sərhəd sistemi gecikdi, podratçılar məhkəməlik oldu
Avropa İttifaqının yeni elektron sərhəd nəzarəti sisteminin hazırlanmasında yaranan gecikmələrə görə IBM, "Atos" və "Leonardo" şirkətləri məhkəməyə verilib.
AFN.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədlərə əsasən, Aİ-nin iri İT sistemlərinin idarə olunmasına cavabdeh eu-LISA agentliyi EES sisteminin hazırlanması və tətbiqində dəfələrlə gecikmələrə yol verilməsi səbəbindən podratçı şirkətlərə qarşı müqavilə və hüquqi tədbirlərə başlayıb.
"Financial Times"ın məlumatına görə, Avropanın yeni elektron sərhəd nəzarəti sisteminin 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, onun tam tətbiqi yalnız bu il mümkün olub. Hazırlıq və tətbiq prosesi zamanı proqram təminatında çoxsaylı nasazlıqlar aşkarlanıb.
Problemlərdən biri barmaq izi skanerlərinin üzərinə tər damcıları düşdükdə işləməməsi olub. Bu nasazlıq Avropanın müxtəlif hava limanlarında saatlarla davam edən növbələrə səbəb olub.
Sistemin hazırlanması ilə bağlı eu-LISA agentliyi və podratçı şirkətlərdən ibarət konsorsium arasında da mübahisələr yaranıb. Şirkətlər agentliyin tətbiq etdiyi cərimələrə və müəyyənləşdirdiyi icra müddətlərinə etiraz ediblər.
2025-ci ilin dekabrında eu-LISA agentliyi IBM, Fransanın "Atos" İT qrupu və İtaliyanın müdafiə sənayesi şirkəti "Leonardo"ya qarşı Estoniyada məhkəmə iddiası qaldırıb. Agentliyin baş qərargahı da Estoniyada yerləşir.
Qeyd edək ki, EES sistemi Avropa İttifaqının xarici sərhədlərində pasportlara möhür vurulmasını mərhələli şəkildə əvəz etməlidir. Yeni sistem sərhədi keçən şəxslərin giriş-çıxış məlumatlarının elektron qaydada qeydə alınmasını nəzərdə tutur.


