Şahbaz Şərif Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik etdi
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın Zəfər Gününün 6-cı ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbrik mesajı göndərib.
AFN.az xəbər verir ki, Şahbaz Şərif təbrikində Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına ən səmimi arzularını çatdırıb.
Şərif 8 noyabr tarixinin Azərbaycan xalqının təxminən 30 ildən sonra ərazi bütövlüyünü bərpa etməsini təmin edən cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi rəmzi olduğunu vurğulayıb. O, bu qələbə uğrunda canlarından keçən şəhidlərin ehtiram və minnətdarlıqla yad edildiyini bildirib.
Pakistanın münaqişə və qələbə dövründə Azərbaycanın yanında olmaqdan qürur duyduğunu qeyd edən Şərif, bu gün də eyni qətiyyətlə Azərbaycanı dəstəkləməyə davam etdiklərini vurğulayıb.
Ötən il Bakıda Prezident İlham Əliyevlə birlikdə iştirak etdiyi Zəfər Günü paradını xatırladan Baş nazir bu əlamətdar tədbirin iki ölkə arasındakı sarsılmaz bağlılığı bir daha nümayiş etdirdiyini bildirib.
Mesajının davamında Şərif Azərbaycanın güclənərək inkişafını davam etdirməsini arzulayıb, Cənubi Qafqaz regionunun davamlı sülhə və ümumi rifaha doğru irəliləməsi ilə bağlı diləklərini bölüşüb.

