Kolumbiyada hərbi bazaya PUA hücumu: 5 əsgər ölüb, 33-ü yaralanıb
Kolumbiyanın cənubundakı Bolivar inzibati bölgəsində hərbi bazaya partlayıcı yüklənmiş pilotsuz uçuş aparatları ilə hücum edilməsi nəticəsində 5 əsgər həlak olub, 33 əsgər yaralanıb.
AFN.az xəbər verir ki, Santa Rosa del Sur qəsəbəsində yerləşən hərbi bazaya partlayıcı yüklənmiş PUA-larla hücum təşkil edilib. Hücum nəticəsində 5 hərbçi həyatını itirib, 8-i ağır olmaqla 33 əsgər yaralanıb.
Kolumbiya Ordusunun Birinci Diviziyası partlayıcı yüklənmiş dronlarla həyata keçirilən hücumun beynəlxalq humanitar hüququ və fundamental insan hüquqlarını pozduğunu bildirib. Qurum hücumun icraçılarının tutulması məqsədilə bölgədə hava dəstəkli əməliyyata başlanıldığını açıqlayıb.
Sosial mediada yayılan və təsdiqlənən görüntülərdə bombalı dronların hərbi obyektlərin infrastrukturunu, yataqxanalarını və inzibati binalarını hədəfə aldığı, dam örtüklərinin çökdüyü və binaların ciddi zərər gördüyü əks olunub.
Prezident Abelardo de la Espriella sosial media hesabında yaydığı açıqlamada terrorizmin dövləti diz çökdürə bilməyəcəyini bildirib.
De la Espriella hücumun icraçılarının müəyyənləşdirilməsi və tutulması üçün əməliyyatların intensivləşdirilməsi barədə göstəriş verdiyini açıqlayıb. O, Kolumbiya Ordusunun hərbçilərini hədəf alan hücumu pisləyib və bu cür əməllərin ölkənin müdafiə əzmini daha da gücləndirəcəyini qeyd edib.
Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib. Təhlükəsizlik qurumları da hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

