OpenAI məlumat mərkəzləri ilə bağlı yeni öhdəliklər açıqlayıb
ABŞ mərkəzli süni intellekt şirkəti OpenAI məlumat mərkəzlərinə dair dövlət rəsmiləri ilə məxfilik müqavilələrinin bağlanmaması və resurslardan səmərəli istifadə kimi məsələləri əhatə edən bir sıra öhdəliklər təqdim edib.
AFN.az xəbər verir ki, ABŞ-də son vaxtlar süni intellekt məlumat mərkəzlərinə qarşı artan narazılıqdan sonra OpenAI məsələ ilə bağlı açıqlama yayıb.
Bir sıra öhdəliklərin təqdim olunduğu və məlumat mərkəzlərinin hesablama kampusları kimi xarakterizə edildiyi açıqlamada bildirilib ki, bu mərkəzlərlə bağlı ətraf ərazilərin sakinləri ilə əlaqə saxlanılacaq və hər il görülən işlərin gedişi barədə ictimaiyyətə hesabat veriləcək.
Açıqlamada gələcəkdə yaradılacaq hər bir məlumat mərkəzində istifadə olunan elektrik enerjisi və zəruri infrastrukturla bağlı bütün xərclərin ödəniləcəyi, iri həcmli xərclərə başlanmazdan əvvəl layihənin təxirə salınması və ya ləğv edilməsi halında digər müştərilərin qorunması üçün maliyyə təminatlarının təqdim olunacağı vəd edilib.
Əsas tənqid mövzularından biri olan resurslardan istifadə ilə bağlı hər bir məlumat mərkəzi üçün su planının hazırlanacağı, qapalı dövrəli və ya az su sərf edən soyutma sistemlərinə üstünlük veriləcəyi bildirilib. Həmçinin hər bir məlumat mərkəzi üzrə su və elektrik enerjisi istehlakı açıqlanacaq.
Açıqlamada dövlət rəsmiləri ilə məxfilik müqavilələrinin bağlanmayacağı, yalnız təhlükəsizlik məlumatları, kommersiya sirləri və ya mülkiyyət hüququ ilə qorunan məlumatları əhatə edən məhdud mühafizə tədbirlərinə üstünlük veriləcəyi qeyd olunub.
ABŞ-də texnologiya şirkətlərinin süni intellekt infrastrukturu ilə bağlı milyardlarla dollarlıq investisiya planları noyabrın 3-də keçirilən aralıq seçkilərlə eyni vaxtda baş tutan yerli səsvermələrdə məlumat mərkəzi layihələrinin məhdudlaşdırılması və qadağan olunması təşəbbüslərinə seçicilərin güclü dəstəyi ilə üzləşib.
Seçicilərin məlumat mərkəzlərinə qarşı narazılığının arxasında bu obyektlərin elektrik enerjisi və su istehlakı, yerli şəbəkələrə yük yaratması, elektrik enerjisi ödənişlərini artırması və səs-küy də daxil olmaqla ətraf mühitə təsir göstərməsi kimi amillər dayanır. Bu səbəbdən getdikcə daha çox insan planlaşdırılan məlumat mərkəzi layihələrinə qarşı çıxır və mövcud obyektlərə daha sərt qaydaların tətbiqini tələb edir.
Demokratların Konqresdə mövqelərini gücləndirməsi süni intellekt şirkətləri və iri texnologiya firmalarına qarşı federal səviyyədə nəzarətin arta biləcəyinə işarə edir.
Yeni dövrdə süni intellekt sektoruna dair Konqres araşdırmalarının və şirkət rəhbərlərinin ifadə verməsi ilə bağlı çağırışların artacağı gözlənilir.
