"Batman"ın "Batpod"u hərraca çıxarılır



"Batman" filmlərində istifadə olunan və "Batpod" kimi tanınan məşhur motosiklet kino əşyalarının yer alacağı hərrac çərçivəsində satışa çıxarılır. Nəqliyyat vasitəsinin 900 min funt-sterlinqə (təxminən 1,2 milyon dollar) qədər qiymətə alıcı tapa biləcəyi ehtimal edilir.

AFN.az xəbər verir ki, rejissor Kristofer Nolanın 2008-ci ildə çəkdiyi “The Dark Knight” (Qara cəngavər) və 2012-ci ildə ekranlaşdırdığı “The Dark Knight Rises” (Qara cəngavərin yüksəlişi) filmlərində istifadə olunan motosiklet Propstore Auction hərrac evi tərəfindən satışa çıxarılır.

Propstore şirkətinin təsisçisi və baş icraçı direktoru Stiven Leyn “Canavar” adlandırılan nəqliyyat vasitəsinin şəxsən Nolan və quruluşçu rəssam Neytan Krouli tərəfindən layihələndirildiyini bildirib. Vizual effektlər sahəsində “Oskar” mükafatı laureatı Kris Korvold isə dizaynı reallaşdırmaq vəzifəsini üzərinə götürüb.

Motosikletin çəkiliş meydançasında praktik şəkildə işləməsinin böyük mühəndislik uğuru olduğunu bildirən Leyn nəqliyyat vasitəsində 750 kubsantimetrlik Honda mühərrikindən və 31 düymlük nəhəng təkərlərdən istifadə edildiyini qeyd edib. Onun sözlərinə görə, həm aktyorlar, həm də kaskadyorlar motosikleti idarə edərkən xeyli çətinlik çəkiblər.

Sürüş zamanı bəzi qəzaların da baş verdiyini bildirən Leyn motosikletin idarəetmədən çıxaraq kameraya çırpıldığı anların qeydə alındığını deyib.

İstehsal edilən altı "Batpod" nümunəsindən yalnız bu motosikletin Warner Bros. Studios tərəfindən rəsmi şəkildə satışa çıxarıldığı bildirilib. Stiven Leyn unikal quruluşu və təsirli görünüşü səbəbindən bu cür nəqliyyat vasitələrinin böyük maraq doğurduğunu, "Batpod"un bütün dövrlərin ən yaddaqalan kino nəqliyyat vasitələrindən biri olduğunu vurğulayıb.

İnternet üzərindən başlayan təklifvermə prosesi dekabrın 4-də Londonda keçiriləcək canlı hərracla başa çatacaq.

"Batpod" yüzlərlə digər kino əşyası ilə birlikdə satışa çıxarılır. Hərracda Kristian Beylin 2005-ci ildə çəkilmiş “Batman Begins” filmində geyindiyi kostyum, eləcə də Val Kilmerin 1995-ci il istehsalı olan “Batman Forever” filmində istifadə etdiyi "Batman" kostyumu da yer alır.

Satışa çıxarılan digər əşyalar arasında “Indiana Jones” filmlərində kaskadyor Vik Armstronqun geyindiyi papaq və köynək, həmçinin “Game of Thrones” serialında Con Snou obrazını canlandıran Kit Harinqtonun istifadə etdiyi qılınc da var. Freddi Kryugerin məşhur əlcəyi isə hərracın başlamasından bir neçə saat sonra 25 min funt-sterlinqlik başlanğıc qiymətinə çatıb. Hərraca çıxarılacaq 100-dən çox eksponat noyabrın 19-dan 22-dək Londondakı Cumberland Hotel-də nümayiş etdiriləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu