Rubio istefa iddiasını təkzib etdi
ABŞ-ın dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün vəzifəsindən ayrılacağı barədə iddianı rədd edib.
AFN.az xəbər verir ki, Rubio Konqresdə demokratların üstünlük qazandığı mühüm aralıq seçkilərdən sonra Ağ Evdə “The New York Times” qəzetinə müsahibə verib.
Prezident Donald Trampın səlahiyyət müddətinin sonunadək onunla işləməyin hər zaman planları arasında olduğunu və işini sevərək gördüyünü bildirən Rubio 2028-ci il prezident seçkilərində namizəd olmaq məqsədilə vəzifəsindən istefa verəcəyi barədə iddianı təkzib edib.
Digər tərəfdən, gələcək siyasi karyerası barədə şərh verməkdən yayınan Rubio 2028-ci il haqqında daha ətraflı danışmayacağını bildirib.
Seçkilərin nəticələrinə də toxunan Rubio yanacaqdoldurma məntəqələrində qiymətlərin artmasının insanların seçki kampaniyalarında fəxr edəcəyi və ya təbliğatını aparacağı hadisələrdən olmadığını qəbul etdiyini deyib.
Rubio Trampın seçicilər dəstəkləməsə belə, zəruri hesab etdiyi addımları atdığına görə böyük təqdirə layiq olduğunu müdafiə edib və bunu liderliyin bədəli adlandırıb.
Ölkəsinin Venesuela siyasətini də qiymətləndirən Rubio ABŞ-ın Venesuelanın demokratiyaya qayıdışını dəstəklədiyini bildirib və iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyinə işarə edib.
Rubio Venesuelada prezident seçkilərinin ideal halda gələn il keçirilməli olduğunu müdafiə edib. O, bu ölkənin yeni Ali Məhkəməyə və seçki komissiyasına ehtiyac duyduğunu, borclarını yenidən strukturlaşdırmalı və təhlükəsizlik qüvvələrində islahatlar aparmalı olduğunu iddia edib.
Britaniyanın “The Independent” nəşrinin ABŞ və Britaniya mənbələrinə istinadən yaydığı xəbərdə Rubionun 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq üçün istefa verəcəyi iddia edilmişdi.
