İshaq Hersoq İsraildə hökuməti quracaq şəxsin adını bazar günü açıqlayacaq


İsrail Prezidenti İshaq Hersoq hökuməti formalaşdırmaq vəzifəsini həvalə edəcəyi şəxsin adını bazar günü açıqlayacağını bildirib.

AFN.az xəbər verir ki, Prezident Hersoq İsrail parlamentində təmsil olunan bütün partiyalarla keçirdiyi məsləhətləşmələr başa çatdıqdan sonra verdiyi açıqlamada məsləhətləşmələrin nəticələrinin aydın göründüyünü deyib.

Hersoq məsləhətləşmələrdən sonra hökuməti qurmaq vəzifəsinin müxalifət blokunda yer alan Yashar Partiyasının lideri Qadi Ayzenkota verilməsini istəyən deputatların sayının 67 olduğunu, Likud Partiyasının lideri, Baş nazir Binyamin Netanyahunu dəstəkləyən deputatların sayının isə 46-da qaldığını açıqlayıb.

Prezident Hersoq qanunların ona verdiyi səlahiyyətin hökuməti kimin qurmaq qabiliyyətinə malik olduğunu müəyyənləşdirməkdən ibarət olduğunu bildirib. O, bloklar arasında və blokların öz daxilində qarşılıqlı veto bəyanatları nəzərə alındıqda vəziyyətin hələ tam aydınlaşmadığını ifadə edib.

Vəziyyəti birbaşa və sürətli şəkildə aydınlaşdırmaq üçün bəzi partiya liderləri ilə təkbətək görüşəcəyini bildirən Hersoq hökuməti qurmaq vəzifəsini bu bazar günü bir liderə verməyi planlaşdırdığını qeyd edib.

Hersoq bu görüşlərdə partiyaları bir-biri ilə ünsiyyət qurmağa, İsrail xalqı üçün sabit və yaxşı hökumət formalaşdırmağa təşviq etmək üçün əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, İsraildə oktyabrın 27-də keçirilən seçkilərin yekunlaşmamış nəticələrinə görə, səsvermədən sonra koalisiya qeyri-müəyyənliyi yaranmışdı.

Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok 53, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 deputat mandatı qazanmışdı. Hər iki qrup 120 yerlik İsrail parlamentində hökumət qurmaq üçün tələb olunan 61 deputat sayına çata bilməmişdi.

İsrail vətəndaşı olan fələstinliləri təmsil edən iki siyahı isə tarixi uğur əldə edərək 19 mandat qazanmış və parlamentdə qüvvələr nisbətinin müəyyənləşməsində həlledici mövqeyə yüksəlmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu