İsraildə seçki yarışı gərgin keçir: Netanyahu bloku ilə müxalifət arasında fərq cüzidir



İsraildə keçirilən parlament seçkilərində səslərin təxminən 16,8 faizi sayılarkən Baş nazir Binyamin Netanyahuya rəhbərlik etdiyi blokla müxalifət arasında gərgin mübarizə gedir. 

AFN.az xəbər verir ki, İsrailin Yedioth Ahronoth qəzetinin internet saytında yayımlanan məlumatlara görə, sayılmış səslərin 50,4 faizini Netanyahu bloku, 49,6 faizini isə müxalifətdəki digər partiyalar əldə edib.

Netanyahu bloku təxminən 479 min 900 səs toplayıb, digər partiyaların səs sayı isə 472 min 200 olub. Beləliklə, tərəflər arasındakı fərq təxminən 7 min 700 səs təşkil edib.

Açıqlanan məlumatlara əsasən, ümumilikdə 11 996 seçki məntəqəsindən 2 419-da səslər sayılıb. Bu, bütün məntəqələrin 20,2 faizinə bərabərdir. Etibarsız səslər də daxil olmaqla, sayılmış səslərin ümumi sayı seçicilərin verdiyi səslərin təxminən 16,8 faizini təşkil edib.

Partiyaların nəticələrinə görə, Netanyahuya rəhbərlik etdiyi Likud Partiyası 24,1 faiz səs toplayaraq açıqlanan nəticələrdə birinci yerdə qərarlaşıb.

İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi Yashar Partiyası 16,1 faiz səslə ikinci olub.

İsrailin keçmiş baş naziri Naftali Bennetə rəhbərlik etdiyi Birlikdə Siyahısı 8,8 faiz səs toplayıb. Onu 6,9 faizlə İsrail Evimiz Partiyası, 6,7 faizlə Birləşmiş Tövrat Yəhudiliyi və 6,4 faizlə Yəhudi Gücü Partiyası izləyib.

İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Hadaş, Taal və Balad partiyalarının yaratdığı Ortaq Siyahı 5,9 faiz, Şas Partiyası 5,6 faiz, Demokratlar Partiyası 5,6 faiz, Dini Sionizm Partiyası isə 5,4 faiz səs alıb.

Raam Partiyasının 2,8 faiz səs topladığı bildirilib. İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Ortaq Siyahı ilə Raam Partiyasının birlikdə səslərin 8,7 faizini əldə etdiyi qeyd olunub.

İsrailin dövlət televiziyası KAN-ın seçki məntəqələrindən çıxış sorğusuna əsasən, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku hazırkı Baş nazir Binyamin Netanyahuya rəhbərlik etdiyi hakim blokdan öndə olub.

İlkin nəticələrə görə, Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku 52, Netanyahuya rəhbərlik etdiyi ifrat sağçı hakim blok isə 50 deputat mandatı qazanıb.

Seçki yarışında öndə olmasına baxmayaraq, müxalifət bloku 120 yerlik İsrail parlamentində koalisiya hökuməti qurmaq üçün tələb olunan 61 deputat mandatını əldə edə bilməyib.

Ölkədə dörd ildən sonra keçirilən ümumi seçkilərdə İsrail vətəndaşı olan fələstinliləri təmsil edən iki siyahının ümumilikdə 18 deputat mandatı qazanacağı, onlardan 11-nin Ortaq Ərəb Siyahısından parlamentə daxil olacağı gözlənilir.

Rəsmi nəticələrin aparılacaq yoxlamalar və etiraz prosedurları başa çatdıqdan sonra noyabrın 4-dək dəqiqləşəcəyi gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu