Rusiyada Duma seçkilərinin ilkin nəticələri açıqlanıb: Putinin partiyası öndədir



Rusiyada parlamentin aşağı palatası olan Dövlət Dumasına keçirilən seçkilərdə ilkin və yekunlaşmamış nəticələrə əsasən, Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi Vahid Rusiya Partiyası 57,82 faiz səslə ilk sırada qərarlaşıb.

AFN.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Dövlət Dumasına deputatların, 39 regionun parlamentinə, region rəhbərləri və yerli məclislərə keçirilən seçkilərdə bülletenlərin 95,45 faizi hesablanıb.

İlkin nəticələrə əsasən, seçkilərdə iştirak göstəricisi 59,32 faiz təşkil edib.

Hesablanan bülletenlərə görə, Vahid Rusiya 57,82 faiz, Kommunist Partiyası 13,8 faiz, Liberal Demokrat Partiyası 8,99 faiz, Yeni İnsanlar Partiyası isə 7,96 faiz səs toplayıb. Əvvəlki seçkilərdə parlamentdə təmsil olunan Ədalətli Rusiya Partiyası isə 4,96 faiz səs əldə edərək hələlik seçki baryerini keçə bilməyib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Ədalətli Rusiya Partiyasının hələ də seçki baryerini keçmək şansının olduğunu bildirib.

Pamfilova mövcud nəticələr əsasında partiyaların parlamentdə əldə edə biləcəyi mandatların sayı barədə də məlumat verib. O, Vahid Rusiyanın partiya siyahısı üzrə topladığı səslərlə yanaşı, 208 birmandatlı seçki dairəsində də birinci olduğunu bildirib.

Onun sözlərinə görə, hazırkı nəticələr Vahid Rusiyanın 450 yerlik Dövlət Dumasında ümumilikdə 355 mandat əldə edə biləcəyini göstərir.

Rusiyada Dövlət Dumasındakı 450 mandat uğrunda 10 siyasi partiya mübarizə aparıb. Seçkilərin Rusiya ilə Ukrayna arasında 2022-ci ildən davam edən müharibə şəraitində keçirilməsi diqqət çəkib.

Rusiyada 2021-ci ildə keçirilən Duma seçkilərində seçici fəallığı 51,72 faiz olub. Həmin seçkilərdə Vahid Rusiya 49,82 faiz səs toplayaraq 324 deputat mandatı əldə edib və hakim mövqeyini qoruyub.

Həmin seçkilərdə ikinci yeri tutan Kommunist Partiyası 57, Ədalətli Rusiya 27, Liberal Demokrat Partiyası 21, Yeni İnsanlar Partiyası isə 13 deputat mandatı qazanıb.

Dövlət Dumasındakı 450 deputat mandatının 225-i partiyaların namizəd siyahıları, digər 225-i isə birmandatlı seçki dairələri üzrə müəyyənləşdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu