Mask demokratların hədəfində
ABŞ Konqresinin hər iki palatasına nəzarəti ələ keçirən Demokratlar İlon Maskın biznes imperiyasına qarşı indiyədək görünməmiş təzyiq göstərməyə hazırlaşırlar.
AFN.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Portalın yazdığına görə, demokratlar Maskı Donald Tramp administrasiyası dövrünün simvolu hesab edirlər. Onlar milyarderin dövlət işlərinə müdaxiləsini, dövlət institutlarının ləğvindəki rolunu və süni intellektin nəzarətsiz inkişafını tənqid edirlər.
Demokratlar Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətini araşdırmaq, onun məxfi məlumatlara çıxış imkanlarını və bu fəaliyyətdən şəxsi mənfəət əldə edib-etmədiyini müəyyənləşdirmək istəyirlər. Həmçinin Maskdan “Starshield” sisteminin fəaliyyətinin ləngidilməsi ilə bağlı izahat tələb olunur. Bu vəziyyətin Ukrayna pilotsuz uçuş aparatlarının rabitəsində problemlərə səbəb olduğu bildirilir.
Texas ştatında da Maskın qubernator Qreq Ebbottla yazışmalarının tam versiyasının açıqlanması tələb edilir. Bundan başqa, ştatın yeni seçilmiş baş prokuroru “Starlink” şirkətinə ayrılmış dövlət qrantlarını yoxlamağı planlaşdırır.
“Axios” qeyd edir ki, demokratların məlumat mərkəzlərinin tikintisinə məhdudiyyətlər qoymaq və süni intellekt sahəsinə nəzarəti gücləndirmək planları Maskın texnologiya şirkətlərinin inkişaf strategiyasına təsir göstərə bilər. “Tesla” və “SpaceX” şirkətlərinin mümkün birləşməsi də yeni Konqresin müqaviməti ilə üzləşə bilər.
Portalın fikrincə, demokratlar Maskın siyasi fəaliyyəti ilə sənaye sahəsindəki rolunu fərqləndirməlidirlər. Çünki onun şirkətləri ABŞ-ın texnoloji və hərbi potensialı baxımından əhəmiyyətli mövqeyə malikdir.
