İlon Maskın şirkətlərinə etimad azalıb: "Tesla" və "SpaceX" son sıralara düşdü

ABŞ-da keçirilən yeni bir sorğu İlon Maskın rəhbərlik etdiyi tanınmış şirkətlər "Tesla" və "SpaceX"in ictimai nüfuzunun son bir ildə ciddi şəkildə zəiflədiyini göstərib. Mütəxəssislərə görə bu geriləmədə Maskın Donald Tramp administrasiyası ilə yaxın əlaqələri və mübahisəli DOGE layihələri əsas rol oynayıb.
2025-ci il üçün hazırlanan "Axios Harris" 100 anketinə əsasən, "Tesla" ən nüfuzlu 100 marka arasında 95-ci, "SpaceX" isə 86-cı sırada qərarlaşıb.
Qeyd edək ki, bu şirkətlər 2021-ci ildə müvafiq olaraq 8-ci və 5-ci yerdə idilər.
Sosial media platforması X (əvvəlki Twitter) yalnız bir pillə yüksələrək 98-ci sırada qərar tutub. Bu da Maskın texnologiya dünyasındakı təsirinin ictimai dəyərləndirilməsində ciddi eniş olduğunu göstərir.
Mask son aylarda sosial xərclərin azaldılması təşəbbüsü çərçivəsində Tramp hökumətində məsləhətçi rolunda çıxış edib. Lakin bu proqram çərçivəsində bir sıra federal qurumların büdcələrinin kəsilməsi və sosial təminat sistemlərinin pozulması, ictimaiyyətdə güclü tənqidlərə səbəb olub.
Bundan əlavə, Maskın DOGE ilə bağlı fəaliyyətləri də həm siyasi dairələr, həm də vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb.
Bəzi məlumatlara görə, "Tesla" avtomobil satıcıları və şarj stansiyalarına hücumların baş verməsi şirkətə qarşı ictimai qəzəbin artdığını və xüsusilə Avropa bazarında satışların ciddi şəkildə azaldığını göstərir.
Sorğunun nəticələrinə görə, "Microsoft", "Apple", "Nvidia" və "Samsung" kimi şirkətlər ilk 10-luqda yer alıb. Bu, Maskın şirkətlərinin nüfuz baxımından rəqibləri ilə aradakı fərqin artdığını ortaya qoyur.
Məlumatla bağlı "Tesla" və "SpaceX" rəhbərliyindən hər hansı açıqlama verilməyib.