Niderland İsrail silahlarının istehsalını öz üzərinə götürür
Niderlandın müdafiə sənayesi şirkəti İsrail istehsalı olan “Arad 5” avtomat tüfənglərinin və “Negev UX” pulemyotlarının istehsalını ölkə daxilində təşkil edəcək.
AFN.az xəbər verir ki, bu barədə “NU.nl” portalı məlumat yayıb.
Məlumata görə, Niderlandın “Artillerie Inrichtingen Armaments” (AIA) şirkəti hər iki silah modelinin istehsalı üçün İsrailin “Israel Weapon Industries” (IWI) şirkətindən texniki sənədləri və istehsal texnologiyalarını əldə edib. Razılaşmanın maliyyə dəyəri açıqlanmayıb.
Silahlar Avropa bazarı və NATO tərəfdaşları üçün nəzərdə tutulub. AIA-nın direktoru Gerard Zondervan ölkə daxilində istehsalın Niderlandın milli təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Avropa öz silah istehsalını artırmalıdır.
Hazırda yeni zavodun tikintisi aparılır. İlkin mərhələdə istehsal Tilburq şəhərində həyata keçiriləcək, daha sonra isə Overeyssel əyalətindəki daha böyük müəssisəyə köçürüləcək.
Qeyd edək ki, Niderland parlamentinin aşağı palatası yanvar ayında hökuməti ölkənin İsrail müdafiə sənayesindən asılılığını azaltmağa çağırıb. Baş nazir Rob Yetten isə sentyabrda müdafiə qurumunun İsraildən silah tədarükünə alternativlər axtardığını, lakin bəzi hərbi texnika növləri üzrə Avropada alternativ təchizatçıların olmadığını bildirib.

