İsrail silah məsələsində ABŞ-dan asılılığa son qoymaq niyyətindədir - Netanyahu
İsrail hərbi tədarük sahəsində ABŞ-dan asılılıqdan azad olmalı və özünün müstəqil silah istehsalını yaratmalıdır.
AFN.az xəbər verir ki, bu bəyanatla yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu çıxış edib.
"Mən silah sahəsində müstəqilliyə nail olmaq istəyirəm. Amerikalı dostlarımızın dəstəyini dərindən qiymətləndirirəm, lakin biz bu asılılıqdan qurtulmalı və özümüzün müstəqil silah istehsalımızı qurmalıyıq. Biz öz silahımızı özümüz istehsal etməliyik", – deyə Netanyahu İordan çayının qərb sahilində kursantlarla görüşü zamanı bildirib. Baş nazirin bu fikirlərini onun ofisi yayıb.
Netanyahu qeyd edib ki, İsrail "hazırda İran və onun proksiləri (peyk şəbəkəsi) ilə qarşı-qarşıyadır". "Biz onlara zərbələr endirdik, bu hələ son deyil, lakin hər şey bizim gücümüzdən asılıdır. 30 ildən sonra harada olacağımız gücümüzdən asılı olacaq. Buna görə də hazırda etdiyimiz iş nəhəng güc toplamaqdır", – deyə İsrailin hökumət başçısı əlavə edib.
Xatırladaq ki, mayın 3-də Netanyahu İsrailin öz silah istehsalı potensialını inkişaf etdirmək məqsədilə növbəti 10 il ərzində müdafiə büdcəsini 350 milyard şekel (təxminən 115 milyard dollar) artıracağını bəyan etmişdi.


