Pentaqonun sistemində 17 min F-35 hissəsi qeydə alınmayıb



ABŞ Hökumət Hesabatlılığı İdarəsi (GAO) Pentaqonun F-35 qırıcılarına aid ehtiyat hissələrinin izlənməsi və inventar qeydlərinin aparılması ilə bağlı problemləri həll edə bilmədiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, qurumun hesabatına əsasən, təxminən 17 min ehtiyat hissəsi ABŞ Müdafiə Nazirliyinin sistemində qeydə alınmayıb.

GAO Pentaqonun milyardlarla dollar dəyərində olan F-35 qırıcılarına aid ehtiyat hissələrinin uçotuna dair hesabat yayımlayıb.

Hesabatda bildirilir ki, F-35 proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusu ilə yanaşı, beynəlxalq istifadəçilərin də yararlandığı ümumi ehtiyat hissələri inventarı mövcuddur.

2019-cu ildən bəri aparılan yoxlamalar zamanı proqramın inventar idarəçiliyində çoxsaylı çatışmazlıqların aşkarlandığı vurğulanıb. Hesabatda Müdafiə Nazirliyinin F-35 hissələri ilə bağlı hesabatlılığın təmin edilməsi və qorunması istiqamətində çox az irəliləyiş əldə etdiyi qeyd olunub.

Sənəddə Pentaqonun uçot qeydlərinin köhnəldiyi, yanlış və natamam olduğu xüsusi vurğulanıb.

Hesabata əsasən, 2026-cı ilin mart ayına olan məlumata görə, inventarda ümumi dəyəri təxminən 31 milyard dollar olan 26 milyon ehtiyat hissəsi mövcuddur. Bununla yanaşı, dəyərinin 2,5 milyard dollara çata biləcəyi bildirilən təxminən 17 min hissənin Pentaqonun sistemində qeydə alınmadığı müəyyən edilib. Hesabatda əvvəlki yoxlamalar zamanı üzə çıxan problemlərin də hələ həll edilmədiyinə diqqət çəkilib.

GAO-nun 2023-cü ildə yayımladığı hesabatda əsas podratçı şirkətlərdən birinin 2018-2022-ci illərdə dəyəri 85 milyon dolları ötən 1 milyondan çox F-35 ehtiyat hissəsinin izlənməsini itirdiyi bildirilib. Həmin hissələrin hazırkı vəziyyətinin isə hələ də müəyyən edilə bilmədiyi qeyd olunub.

Hesabatda, həmçinin 2025-ci ilin dekabrına aid məlumat bazasındakı qeydlərin təxminən 6 faizində F-35 hissələrinin dəyərinin 0,01 dollar və ya daha az göstərildiyi bildirilib. Bunun məlumatlardakı səhvlərə işarə edə biləcəyi vurğulanaraq, Pentaqonun qeydlərinin izləmə və maliyyə hesabatlarının hazırlanması baxımından etibarlı olmadığı qeyd edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu