74 yaşlı məhkum eyvandan iplə enərək ev dustaqlığından qaçdı
1970-ci illərdə radikal solçu silahlı qruplaşmanın törətdiyi adam oğurluğunda təqsirli bilinən 74 yaşlı italiyalı Argentinada ev dustaqlığında saxlanıldığı vaxt qaçıb.
AFN.az xəbər verir ki, Leonardo Bertulatsi Buenos-Ayresdə beşinci mərtəbədəki mənzilin eyvanından təhlükəsizlik kəmərindən istifadə edərək iplə aşağı enib.
Bertulatsinin qaçışı dərhal aşkarlanmayıb. Məhkum elektron ayaq bilərziyinə müdaxilə edərək cihazı zorla açıb və qaçdıqdan sonra da onun bədən temperaturu ilə bağlı ölçmələri ötürməyə davam etməsini təmin edib.
Bertulatsi 1977-ci ildə italyan dəniz mühəndisi Pyetro Kostanın oğurlanması ilə əlaqədar İtaliyada qiyabi məhkum edildikdən sonra onilliklər ərzində axtarışda olub.
İtaliyaya ekstradisiya edilməsini gözləyən Bertulatsi Argentina Təhlükəsizlik Nazirliyi tərəfindən taxılan, şəxsin bədən temperaturunu və hərəkətlərini qeydə alan elektron qolbaq vasitəsilə izlənilirdi. Rəsmilər cihazın hərəkətsiz qaldığını aşkar etdikdən sonra şübhələndiklərini bildiriblər. Buenos-Ayresin mərkəzində yerləşən binanın beşinci mərtəbəsindəki mənzilə daxil olduqda Bertulatsinin artıq orada olmadığı, elektron qolbağın isə mənzildə qaldığı məlum olub.
Argentinanın Clarin qəzetinin məlumatına görə, polis Bertulatsinin marksist partizan təşkilatı olan Qırmızı Briqadalarla əlaqəsini və bomba hazırlamaq bacarığını nəzərə alaraq cihazın partlamağa proqramlaşdırılmış ola biləcəyi ehtimalına qarşı hadisə yerinə bomba zərərsizləşdirmə mütəxəssislərini çağırıb.
Lakin mütəxəssislər müəyyən ediblər ki, Bertulatsi cihaza müdaxilə etsə də, bunu qolbağı çıxardığı zaman siqnalın işə düşməsinin qarşısını almaq məqsədilə edib.
Qaçan məhkumu tutmaq üçün ölkə üzrə genişmiqyaslı axtarış davam edir. İtaliya mediası onun son apellyasiya müraciətinin rədd edilməsindən sonra İtaliyaya ekstradisiyasının artıq yaxın olduğunu bildirib.
Bertulatsi 2002-ci ildə qonşu Çilidən saxta pasportla Argentinaya keçdikdən sonra ilk dəfə həbs edilmişdi. Lakin 2004-cü ildə qaçqın statusu alan Bertulatsi hazırkı sağçı Prezident Xavyer Mileyin 2024-cü ildə vəzifəyə başlamasına qədər Cənubi Amerika ölkəsində azad şəkildə yaşayıb. Həmin il yenidən həbs edilib.
Miley hökuməti o vaxt yaydığı açıqlamada Bertulatsinin demokratik dəyərlərə və çoxsaylı qurbanların həyatına zərər vuran cinayətlərə görə məsuliyyət daşıdığını bildirmişdi.
Bertulatsi 1970-1980-ci illərdə çoxsaylı dövlət rəsmilərini oğurlayan və öldürən Qırmızı Briqadalar təşkilatının üzvü olub. O, Pyetro Kostanı küçədə oğurlayan və külli miqdarda fidyə almadan əvvəl 81 gün girov saxlayan təşkilatın Genuya bölməsinin tərkibində fəaliyyət göstərib.
Təşkilatın bu adam oğurluğundan əldə etdiyi pul daha sonra Romada mənzil almaq üçün istifadə edilib. Həmin mənzildən 1978-ci ildə Qırmızı Briqadaların ən məşhur cinayəti olan İtaliyanın keçmiş Baş naziri Aldo Moronun oğurlanması və öldürülməsi zamanı istifadə olunub.
Moro parlamentin açılışına gedərkən avtomobilinə qurulan pusqu nəticəsində oğurlanmışdı. 54 gün həmin mənzildə saxlanılan Moro güllələnərək öldürülmüş, cəsədi isə Romanın mərkəzində Renault markalı avtomobilin baqajına qoyulmuşdu.

