Tarixi SS United States gəmisi Florida sahillərində batırılacaq



Bir vaxtlar dünyanın ən sürətli gəmisi olan və Titanikdən daha uzun ölçülərə malik SS United States Florida sahillərində batırılaraq dünyanın ən böyük süni okean rifinə çevriləcək.

AFN.az xəbər verir ki, tarixi gəmi dəniz canlıları üçün yaşayış məkanına, sualtı dalğıc həvəskarları üçün isə cəlbedici məkana çevriləcək.

SS United States Florida ştatına aparılmazdan əvvəl təxminən 30 il Filadelfiya limanında lövbər salmış vəziyyətdə qalıb.

Atlantik okeanını yüzlərlə dəfə keçmiş tarixi sərnişin gəmisinin muzey kimi qorunub saxlanılması üçün fəallar uzun müddət mübarizə aparsalar da, buna nail ola bilməyiblər. Bunun əvəzinə Florida ştatının yerli dairə administrasiyası tərəfindən satın alınan gəmi sahildən kənarda yerləşən onlarla süni rifə əlavə ediləcək. Bundan başqa, gəminin tarixindən bəhs edən quruda yerləşən muzeyin yaradılması da planlaşdırılır.

SS United States istismardan çıxarılmazdan əvvəl, 1952-1969-cu illərdə ABŞ-dan Avropaya kral ailələrinin üzvlərini və məşhur şəxsləri daşıması ilə tanınıb.

Bill Klinton prezident olmamışdan əvvəl gənclik illərində Atlantik okeanını keçmək üçün bu gəmidən istifadə edib. ABŞ-ın keçmiş prezidentləri Harri Truman, Duayt Eyzenhauer və Con Kennedi də gəmidə səyahət ediblər.

Gəmi təmizlik və bərpa işləri aparılması üçün ötən il Filadelfiyadan Alabama ştatına aparılıb. Bazar ertəsi Alabama ştatından Florida ştatının Destin sahillərinə doğru son səfərinə çıxan gəminin çərşənbə günü partlayıcı maddələrdən istifadə edilmədən həyata keçiriləcək dəqiq əməliyyatla batırılması nəzərdə tutulur.

Gəminin fəaliyyət göstərdiyi illərdə Marlon Brando, Koko Şanel, Dyuk Ellinqton, Salvador Dali, Volt Disney, Cudi Qarlend və Keri Qrant kimi məşhurlar da onunla səyahət ediblər.

Florida yerli administrasiyası tərəfindən satın alınmazdan əvvəl gəmini muzeyə və ya üzən hotelə çevirməklə ona ikinci həyat vermək məqsədi daşıyan çoxsaylı layihələr uğursuzluqla nəticələnib. Bunun əvəzinə məşhur gəmi hüquqi mübarizələr davam etdiyi müddətdə müxtəlif sahiblərin əlində bir neçə limanda gözləməli olub.

SS United States gəmisinin qorunması ilə məşğul olan qrup onu suyun üzərində saxlamaq üçün dəfələrlə təşəbbüs göstərsə də, buna nail ola bilməyib.

Babası SS United States gəmisinin layihələndirilməsinə töhfə vermiş Qoruma Qrupunun rəhbəri Syuzan Gibbs gəminin hekayəsinin yaşamağa davam edəcəyindən məmnunluq duyduğunu bildirib. BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News-a danışan Gibbs gəminin çoxsaylı insanları bir araya gətirən əsl Amerika simvoluna çevrildiyini deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu