Ayzenkotdan Netanyahuya xəbərdarlıq: Təcili zərurət yoxdursa, hərbi əməliyyata başlamayın
İsrailin İrana hücum edə biləcəyi ehtimalı gündəmdəki aktuallığını qoruyarkən, İsraildə hökuməti qurmaq mandatı alan Yaşar Partiyasının lideri Qadi Ayzenkot müvəqqəti Baş nazir Benyamin Netanyahuya təcili zərurət olmayan hərbi hücumlara əl atmamaq barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Ayzenkot Netanyahuya ünvanladığı məktubda ölkədəki gərgin təhlükəsizlik vəziyyətinə diqqət çəkərək onu üzərinə düşən məsuliyyəti nəzərə almağa çağırıb.
Ayzenkot ABŞ mərkəzli X şirkətinin sosial şəbəkəsindəki hesabında paylaşım edərək İsrailin gərgin təhlükəsizlik şəraitində olduğunu bildirib və Netanyahuya məsuliyyətlərini xatırladan məktub yazdığını qeyd edib.
Məktubunda yeni hökumətin andiçmə mərasiminə qədər gözləyə biləcək təhlükəli addımlarla bağlı təmkinli və ehtiyatlı davranmağa çağıran Ayzenkot Netanyahunu birbaşa, təcili və təxirə salınması mümkün olmayan təhlükə olmadığı halda təhlükəsizlik qüvvələrini hərəkətə gətirməyin İsrail demokratiyası və vətəndaşların dövlət qurumlarına etimadı üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdar edib.
Ayzenkot Netanyahudan İsrailin təhlükəsizlik qurumlarının rəhbərlərini özündən gözlənilənlərlə doğru olan arasında seçim etmək məcburiyyətində qoymamasını istəyib.
Bu xəbərdarlıqdan sonra Ayzenkotla Netanyahu arasında təhlükəsizlik məsələlərində məsuliyyətli davranışla bağlı mübahisə yaranıb.
Müvəqqəti Baş nazir Netanyahunun ofisindən yayılan açıqlamada Ayzenkotun xəbərdarlığına münasibət bildirilib. Netanyahu hökumətinin qərarlarının təhlükəsizlik səbəbləri ilə və təhlükəsizlik qurumları ilə tam koordinasiya şəraitində qəbul edildiyi iddia olunub.
Açıqlamada Ayzenkotun məktubu həssas təhlükəsizlik məsələlərini ictimai müzakirəyə çıxarmağa yönəlmiş məsuliyyətsiz davranış kimi qiymətləndirilib.
Netanyahunun ofisinin açıqlamasına Yaşar Partiyasının lideri Ayzenkot yenidən cavab verib.
Ayzenkot rəsmi kanallar vasitəsilə təhlükəsizlik brifinqi almaq istəyinin rədd edildiyini və Netanyahunun İsrail parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin iclasını təxirə salmağa çalışdığını bildirib.
