Dövlət sektorunda saatlıq əməkhaqqı tətbiqi nəyi dəyişəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı müzakirələrə münasibət bildirib.
AFN.az xəbər verir ki, ekspert bu modelin tətbiqi ilə bağlı bir sıra sualların yarandığını qeyd edərək, təklifin xüsusilə dövlət sektorunda hansı nəticələrə səbəb ola biləcəyini şərh edib.
Natiq Cəfərli xatırladıb ki, deputat Musa Quliyev saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən hissəsindən az ola bilməyəcəyini bildirib.
Ekspertin sözlərinə görə, hazırda minimum əməkhaqqı 400 manatdır. Beşgünlük iş həftəsi və gündəlik 8 saatlıq iş qrafiki nəzərə alındıqda, bir saatlıq əməkhaqqı 2 manat 50 qəpik təşkil edir: "Altıgünlük iş qrafiki ilə çalışanlar üçün isə bu məbləğ təxminən 2 manat civarındadır. Saatlıq əməkhaqqının minimum həddinin müəyyənləşdirilməsi məsələnin bütün suallarını aradan qaldırmır. İşçinin gündə cəmi iki saatlıq işə cəlb olunması və bunun müqabilində 5 manat alması belə bir modelin nə dərəcədə səmərəli olacağı barədə suallar yaradır".
İqtisadçı digər mühüm problemin ölkədəki iqtisadi sistem və əmək bazarının xüsusiyyətləri ilə bağlı olduğunu vurğulayıb. O qeyd edib ki, muzdla çalışanların təxminən yarısına yaxını dövlət-büdcə sektorunda işləyir. Bu baxımdan müəllimlərin, həkimlərin, polislərin, hüquq-mühafizə və məhkəmə sistemində çalışanların saatlıq iş qrafikinə necə keçiriləcəyi aydın deyil.
Ekspertin qənaətinə görə, özəl sektora belə bir keçidi məcburi şəkildə diktə etmək mümkün deyil, yalnız müəyyən stimullar yaratmaq olar. Çünki sahibkar işçi tapmaq, onu işə öyrətmək və əmək fəaliyyətinə uyğunlaşdırmaq üçün vaxt və vəsait sərf edir. Bu şəraitdə bir iş yerinə iki-üç nəfərin saat hesabı işə götürülməsinin özəl sektor üçün hansı faydanı verəcəyi sual doğurur.
Natiq Cəfərli saatlıq əməkhaqqı modelinin tətbiqinin arxasında dövlət sektorunda yeni iş yerlərinin yaradılması görüntüsünün dayana biləcəyini düşünür: "Məsələn, hər birinin orta aylıq əməkhaqqı 1500 manat olan 100 işçinin çalışdığı dövlət qurumunda saatlıq iş qrafikinə keçid nəticəsində iş yerlərinin sayı sabit saxlanıla, lakin işçilərin sayı artırıla bilər.
Belə olan halda, mövcud 100 işçinin hər birinin iş vaxtı dörd saata endirilərək əməkhaqqı 600 manat müəyyənləşdirilə və əlavə 100 nəfər də eyni şərtlərlə işə götürülə bilər. Nəticədə, iki işçinin ümumi əməkhaqqı 1200 manat təşkil edər. Bu isə əvvəlki 1500 manatlıq bir iş yerinə nisbətən 300 manat qənaət deməkdir".
Ekspertin fikrincə, bu yanaşma dövlət büdcəsinə qənaət və yeni iş yerlərinin yaradılması kimi təqdim oluna bilər. Beləliklə, işçilərin kütləvi ixtisarı əvəzinə onların sayının artırılması görüntüsü yaradıla bilər.
Natiq Cəfərli bu yanaşmanı istehza ilə belə qiymətləndirib: “Dahiyanədir, yəni heç nəyi dəyişmədən, çox şeyi dəyişmiş kimi göstərmək cəhdidir”.
