Kopenhagendə Zelenskinin səfəri ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri görülür
Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri ilə əlaqədar Danimarkanın demək olar ki, bütün bölgələrindən polis əməkdaşları Kopenhagendə cəmləşdirilib.
AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Kopenhagen polisinin baş inspektoru Peter Dal “Ritzau” agentliyinə açıqlamasında bildirib ki, təhlükəsizlik əməliyyatı o qədər genişmiqyaslıdır və böyük resurslar tələb edir ki, paytaxt polisi bunun öhdəsindən təkbaşına gələ bilməz.
Qeyd edək ki, Danimarkanın xarici işlər naziri Lars Löke Rasmussen daha əvvəl Ukraynaya 4,8 milyard Danimarka kronu (600 milyon avro) həcmində yeni hərbi yardım paketi ayrılacağını açıqlayıb. Bundan əlavə, Ukraynanın enerji sektoruna dəstək üçün 150 milyon kron (20 milyon avro) vəsait nəzərdə tutulub.
Nazirin sözlərinə görə, yeni yardım tədbirlərinin elan edilməsi Zelenskinin Danimarkaya səfəri ilə əlaqələndirilib.


