Koşta Mertsi Ukraynaya görə Aİ-nin yeddiillik büdcəsini bloklamamağa çağırıb
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Almaniya kansleri Fridrix Mertsi Ukraynaya maliyyə yardımı məsələsinə görə Aİ-nin yeddiillik büdcəsi ilə bağlı müzakirələri bloklamamağa çağırıb.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Koştanın Almaniya kanslerinə göndərdiyi cavab məktubuna istinadən məlumat yayıb.
Koşta məktubunda bildirib ki, Ukraynanın maliyyələşdirilməsi və Aİ-nin 2028–2034-cü illəri əhatə edən çoxillik büdcəsi noyabrın 26-27-də keçiriləcək xüsusi sammitdə müzakirə olunacaq. O, həmçinin həmin vaxta qədər Avropa Komissiyasının Ukraynaya yardımla bağlı yeni təkliflər təqdim edəcəyini qeyd edib.
Hazırda Koşta üzv ölkələr arasında Aİ-nin gələcək büdcəsi ilə bağlı mürəkkəb danışıqlar aparır. Ukraynanın maliyyələşdirilməsi məsələsi isə Avropa Komissiyasının səlahiyyətindədir. Bu baxımdan, Aİ Şurasının rəhbəri faktiki olaraq Mertsdən iki məsələnin bir-birinə bağlanmamasını istəyir. Əks halda, büdcə ilə bağlı üzv ölkələr arasında kompromis əldə etmək daha da çətinləşə bilər.
Qeyd edək ki, “Financial Times” qəzeti Almaniya kanslerinin Koştaya ünvanladığı məktubda bütün üzv ölkələrin Ukraynaya maliyyə yardımı göstərmək öhdəliyini üzərinə götürməyəcəyi təqdirdə Aİ-nin yeddiillik büdcəsinin qəbulunu bloklamaqla hədələdiyini yazmışdı.Mertsin mövqeyinə görə, Ukraynaya maliyyə dəstəyi 2028–2034-cü illər üzrə büdcədə əksini tapmalı və bütün Aİ ölkələri Kiyevə yardım göstərmək öhdəliyini 2034-cü ilin sonunadək üzərinə götürməlidir.
Avropa Komissiyası da Ukraynaya ayrılacaq vəsaitlərin yeddiillik büdcəyə daxil edilməsində maraqlıdır. Bu halda bütün üzv dövlətlər 2034-cü ilin sonunadək maliyyə dəstəyi ilə bağlı hüquqi öhdəlik götürəcək, vəsaitlərin idarə olunması isə Avropa Komissiyasının nəzarətində olacaq.
