Aİ 2027-ci il üçün təxminən 200 milyard avro büdcə istəyir
Avropa İttifaqı (Aİ) Komissiyası birliyin 2027-ci il büdcəsinin təxminən 200 milyard avro olmasını təklif edib.
AFN.az xəbər verir ki, Aİ Komissiyası 2027-ci ilin büdcə layihəsi təklifini ictimaiyyətə açıqlayıb.
Buna əsasən, Aİ-nin hazırkı 2021-2027-ci illəri əhatə edən Çoxillik Maliyyə Çərçivəsi (MFF) daxilindəki son illik büdcəsi olacaq 2027-ci il büdcəsinin öhdəlik təxsisatları 199,9 milyard avro olaraq proqnozlaşdırılıb.
Büdcədə Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsi, təhlükəsizlik və müdafiə investisiyalarının artırılması, iqtisadi rəqabət qabiliyyətinin yüksəldilməsi və miqrasiya idarəçiliyinin dəstəklənməsi prioritet sahələr kimi yer alıb.
Büdcə layihəsində ən böyük pay 75,8 milyard avro ilə birlik, dözümlülük və dəyərlər siyasətinə ayrıldığı halda, bu sahəni 57,2 milyard avro ilə təbii sərvətlər və ətraf mühit, 21,9 milyard avro ilə vahid bazar, innovasiya və rəqəmsal transformasiya, 15,5 milyard avro ilə qonşuluq və xarici siyasət, 13,7 milyard avro ilə Avropa dövlət idarəçiliyi, 5,8 milyard avro ilə miqrasiya və sərhəd idarəçiliyi, həmçinin 3,1 milyard avro ilə təhlükəsizlik və müdafiə sahələri izləyib.
Bundan əlavə, Ukraynaya Dəstək Krediti üçün 1,15 milyard avro, tematik xüsusi alətlər üçün isə 5,9 milyard avro vəsait nəzərdə tutulub.
Aİ Komissiyasının hazırladığı büdcə layihəsi bu mərhələdən sonra Aİ Şurası və Avropa Parlamenti (AP) arasında aparılacaq danışıqlardan və lazımi təsdiqlərin alınmasından sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Aİ büdcəsinin gəlir bəndləri böyük ölçüdə üzv ölkələr tərəfindən təmin edilən vəsaitlərdən formalaşır.
Aİ büdcəsinin auditini isə mərkəzi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi həyata keçirir.

