Monteneqronun 2027-ci ildə Aİ-yə üzvlüyü sual altına düşə bilər
Avropa rəsmiləri bəzi üzv ölkələrin Monteneqronun 2027-ci ildə Avropa İttifaqına (Aİ) qəbuluna veto qoya biləcəyindən ehtiyatlanırlar.
AFN.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, narahatlıqların əsas səbəblərindən biri 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkiləridir. Avroskeptik qüvvələrin qələbəsi Parisin Monteneqronun Aİ-yə üzvlüyü ilə bağlı mövqeyinin dəyişməsinə səbəb ola bilər. Digər Aİ ölkələrinin də bu məsələdə mövqelərini dəyişməsi istisna edilmir.
Aİ Şurasına sədrlik edən İrlandiyanın Avropa məsələləri üzrə naziri Tomas Birn bildirib ki, seçkilərin nəticələrini və 27 üzv ölkənin gələcək mövqeyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
Monteneqronun Aİ-yə üzvlüyü qarşısında digər mümkün maneə isə Xorvatiyanın mövqeyidir. Zaqrebin Podqoritsa ilə quru sərhədləri və 1990-cı illərdə Yuqoslaviya münaqişələri dövründə baş verən hadisələrin qiymətləndirilməsi ilə bağlı bir sıra narazılıqları qalır.
Bununla belə, Birn İrlandiyanın Aİ Şurasına sədrlik etdiyi müddətdə bu fikir ayrılıqlarının aradan qaldırılmasına nail olacağına ümid etdiyini bildirib. O, Xorvatiyanın prosesdə əməkdaşlığa hazır olduğunu, lakin ikitərəfli problemlərin mövcudluğunu da vurğulayıb.
Qeyd edək ki, Avropa Komissiyasının genişlənmə ilə bağlı illik hesabatında Monteneqronun Aİ-yə üzvlük danışıqlarını 2026-cı ilin sonunadək başa çatdıra biləcəyi bildirilib. Bu, ölkənin 2027-ci ilin iyununda keçiriləcək sammitdə Avropa İttifaqına qoşulmasına imkan yarada bilər.
