Bolqarıstandan Ukraynaya maliyyə dəstəyi ilə bağlı açıqlama


Bolqarıstanın Ukraynaya kredit ayrılması üçün əlavə maliyyə imkanları yoxdur.

AFN.az xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Rosen Jelyazkov Varna şəhərində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə keçirdiyi brifinqdə bildirib.

Baş nazir qeyd edib ki, Bolqarıstan Ukraynaya dəstəyi dayandırmayıb. Ölkə minlərlə ukraynalı ailəyə təmənnasız yardım göstərir, elektrik enerjisi ilə təminata, enerji sisteminin və dəmir yolu nəqliyyatının təmirinə dəstək verir.

Bununla belə, Jelyazkov ölkəsinin ciddi büdcə kəsiri ilə üzləşdiyini və büdcə kəsirinin 3 faiz həddində saxlanılması tələbinin əlavə maliyyə ayırmağa imkan vermədiyini vurğulayıb. O bildirib ki, Bolqarıstan Avropa İttifaqının Ukraynaya yardımla bağlı qərarlarına mane olmur və digər ölkələrin imkanları daxilində dəstək göstərməsinə şərait yaradır.

Brifinqdə Qara dənizdə Bolqarıstanın müstəsna iqtisadi zonasında ticarət gəmilərinə hücum edən dəniz dronlarının kimə məxsus olması məsələsi də qaldırılıb. Baş nazir hücumların münaqişənin hərbi eskalasiyası fonunda baş verdiyini, lakin onların konkret olaraq kim tərəfindən həyata keçirildiyinin hələ müəyyənləşdirilmədiyini bildirib. Onun sözlərinə görə, araşdırmalar davam edir və hələlik birmənalı nəticəyə gəlinməyib.

Ursula fon der Lyayen isə Ukraynanın maliyyələşdirilməsi ilə bağlı müzakirələrə münasibət bildirərək, Aİ Şurasında bu məsələnin ciddi müzakirə olunduğunu deyib. O, Ukraynaya dəstəyin sabitləşdirici amil olduğunu vurğulayıb və qeyd edib ki, Ukrayna mübarizəni dayandırarsa, xəritədən silinəcək, Rusiya müharibəni dayandırarsa, sülh yaranacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu