Aİ-də ilin sonunadək dörd mühüm siyasi və maliyyə qərarı gözlənilir
Avropa İttifaqı liderləri ilin sonunadək yeddiillik büdcə, Ukraynaya maliyyə yardımı, Avropa Mərkəzi Bankının yeni rəhbərinin seçilməsi və Rusiya ilə danışıqlarda vasitəçinin müəyyənləşdirilməsi kimi məsələlər üzrə razılığa gəlməyə çalışırlar.
AFN.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Şurasının rəhbəri Antonio Koşta qarşıdakı üç sammitdə mürəkkəb məsələlər üzrə kompromis əldə etməyə çalışacaq. Proses cari həftə Dublində keçiriləcək qeyri-rəsmi toplantı ilə başlayacaq və Milad bayramından əvvəl Brüsseldə keçiriləcək həlledici sammitlə yekunlaşacaq.
Gündəliyə Aİ-nin növbəti yeddiillik büdcəsi, Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri postunda mümkün varisi və Ukraynaya 45 milyard avroluq maliyyə yardımı planı daxildir.
İtaliyanın Baş naziri Corca Meloninin təşəbbüsü ilə Rusiya ilə danışıqlarda Aİ-ni təmsil edəcək nüfuzlu vasitəçinin seçilməsi də müzakirə olunacaq.
“Rapporteur” yazır ki, yaxın vaxtlarda bir sıra üzv ölkələrdə keçiriləcək seçkilər 2027-ci ildə razılaşma əldə edilməsini çətinləşdirə bilər.
Bundan başqa, Almaniya və Niderland Aİ-nin ümumi büdcəsi ilə bağlı müzakirələri Ukraynaya ayrılacaq yardımla əlaqələndirirlər. İttifaq gələn il Ukrayna büdcəsində gözlənilən 70 milyard avroluq kəsirin üçdə ikisini qarşılamağı öhdəsinə götürsə də, bunun maliyyələşmə mexanizmi hələ müəyyənləşdirilməyib.
Nəşrin məlumatına görə, Aİ ölkələri bu məsələlərin birlikdə, yoxsa ayrı-ayrılıqda həll edilməsi barədə ortaq mövqeyə malik deyil. Bəzi liderlər paralel müzakirələri dəstəkləyir, digərləri isə məsələlərin bir-birinə bağlanmasının razılaşmanı çətinləşdirəcəyindən ehtiyatlanırlar.


