Səudiyyə Ərəbistanının üç şəhərində təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Dammam, Əhsa və Bukayk şəhərlərində erkən xəbərdarlıq sisteminin təhlükə siqnalı verdiyini, daha sonra isə təhlükənin sovuşduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, Mülki Müdafiə İdarəsinin sosial media hesabında yayımlanan yazılı açıqlamada Dammam, Əhsa və Bukayk şəhərlərində Milli Fövqəladə Hallar üzrə Erkən Xəbərdarlıq Platforması vasitəsilə təhlükə barədə xəbərdarlıq edildiyi bildirilib.
Açıqlamada xəbərdarlıq mesajı alan şəxslərdən sakitliyi qorumaq və rəsmi qurumların göstərişlərinə əməl etmək tələb olunub.
Təhlükə aradan qalxana qədər, xüsusilə pəncərələrdən uzaq, təhlükəsiz otağa keçmək və olduqları binanı tərk etməmək tövsiyə edilib. Açıq havada olan vətəndaşların isə ən yaxın binaya daxil olmaları və ya qoruyucu səddin arxasında sığınacaq tapmaları vurğulanıb.
Mülki Müdafiə İdarəsinin qısa müddət sonra yaydığı növbəti açıqlamada təhlükənin sovuşduğu bildirilib.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar son dövrdə artarkən, İranın dəstəklədiyi husilər onlara qarşı hücumlara görə məsul tutduqları Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alırlar.
Bölgədəki hərbi obyektlər və infrastruktur müəssisələri zaman-zaman Yəmən sərhədindən buraxılan pilotsuz uçuş aparatları və ballistik raketlərin hədəfinə çevrilir.
Yəməndə İranın dəstəklədiyi husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayan vətəndaş müharibəsi davam edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.
