Səudiyyə Ərəbistanında 4 şəhər üçün fövqəladə vəziyyət xəbərdarlığı
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubundakı Xamis Muşayt, Abha, Cizan və Nəcran şəhərlərində yarana biləcək təhlükələrlə bağlı xəbərdarlıq yayıb.
AFN.az xəbər verir ki, Mülki Müdafiə Baş İdarəsinin sosial media hesabında yayılan açıqlamada Xamis Muşayt, Abha, Cizan və Nəcran şəhərlərində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı əhaliyə xəbərdarlıq edildiyi bildirilib.
Açıqlamada bölgədə yaşayan vətəndaşların və yerli sakinlərin can və mal təhlükəsizliyinin qorunması üçün fövqəladə vəziyyət protokollarına əməl etmələrinin, həmçinin səlahiyyətli qurumların göstəriş və xəbərdarlıqlarını diqqətlə izləmələrinin vacibliyi vurğulanıb.
Qeyd olunan təhlükənin növü və detalları barədə hər hansı məlumat verilməyib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə husilərə qarşı keçirdiyi hərbi əməliyyatlara cavab olaraq husilər ölkənin sərhəd bölgələrini və cənub əyalətlərini tez-tez hədəfə alırlar.
Bölgədəki hərbi obyektlər və strateji əhəmiyyətli infrastrukturlar zaman-zaman Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatları və ballistik raketlərin hücumlarına məruz qalır.



