Gazprom Avropada qazın qiymətinin 2 500 dollara çata biləcəyini proqnozlaşdırır



Rusiyanın enerji şirkəti Gazprom-un rəhbəri Aleksey Miller qışın sərt keçəcəyi təqdirdə Avropada 1 000 kubmetr təbii qazın qiymətinin 2 500 dollara qədər yüksələ biləcəyini bildirib.

AFN.az xəbər verir ki, Miller yazılı açıqlamasında Qərb ekspertlərinin payız və qış aylarında təbii qazın 1 000 kubmetrinin qiymətinin 1 200 dollara çatacağını gözlədiklərini, bu səviyyənin isə oktyabr ayında artıq aşıldığını qeyd edib.

Avropadakı yeraltı təbii qaz anbarlarında qaz ehtiyatlarının doluluq səviyyəsinin tarixdə ən aşağı göstəricilərdən birində olduğunu vurğulayan Miller, Avropanın ən böyük təbii qaz istehlakçısı olan Almaniyada anbarların doluluq səviyyəsinin cəmi 61,6 faiz təşkil etdiyini bildirib.

Miller anbarlardakı doluluq səviyyəsinin aşağı olması səbəbindən qışın soyuq keçəcəyi təqdirdə Avropada təbii qazın qiymətinin pik dövrlərdə 1 000 kubmetr üçün 2 500 dollara çata biləcəyini qeyd edib.

Avropa İttifaqının Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyinin (ACER) məlumatlarına görə, birlik üzrə təbii qaz anbarlarının doluluq səviyyəsi oktyabr ayında 75 faiz təşkil edərək son 9 ilin orta göstəricisindən aşağı olub. Mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündəki fasilələr isə qiymətlərə təzyiqi artırır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu