Fərid İsrafilzadənin Səhiyyə Nazirliyinə təyinatı təsdiqlənmədi
Fərid İsrafilzadə Səhiyyə Nazirliyində işlə təmin olunmayıb.
Bu barədə AFN.az-a səhiyyə sistemindəki mənbə bildirib. Qeyd edilir ki, hələlik Səhiyyə Nazirliyinin mətbuat xidmətinə Pərviz Abubəkir rəhbərlik edir. "Pərviz Abubəkir hələ noyabrın əvvəlinə qədər bu vəzifədədir. Fərid İsrafilzadənin nazirliyə mətbuat katibi təyin edilməsi haqda heç bir rəsmi əmr yoxdur. Mətbuatda bununla bağlı yayılan xəbər həqiqəti əks etdirmir. TƏBİB-in, nazirliyin, yaxud Fərid İsrafilzadənin özünün bu xəbəri təkzib etməməsi bizim də təəccübümüzə səbəb olub" - deyən mənbəmiz əlavə edib ki, F.İsrafilzadə SN-də qeyri-rəsmi fəaliyyət göstərir.
Redaksiyamıza verilən məlumatda o da bildirilir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə iddialı şəxslər var: "Bunlardan biri də hazırda TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimovadır".
Məsələ ilə bağlı AFN.az-a açıqlamasında F.İsrafilzadə dolayısı ilə belə bir təyinatın olmadığını təsdiqləyib: "Azərbaycan Respublikası Prezidentinin “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi və idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq dəyişikliklər həyata keçirilmiş, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir.
Bu çərçivədə hər iki qurumun kommunikasiya şöbələri arasında əməkdaşlıq da vahid yanaşma prinsipi əsasında qurulub. Hazırda şöbələr arasında sağlam əməkdaşlıq mövcuddur, kommunikasiya fəaliyyətinin əlaqələndirilməsi və səhiyyə sahəsində vahid informasiya siyasətinin formalaşdırılması istiqamətində birgə fəaliyyət həyata keçirilir".



