Avropa Mərkəzi Bankı uçot faizlərini dəyişməz saxladı
Avropa Mərkəzi Bankı (ECB) üç əsas faiz dərəcəsini bazar gözləntilərinə uyğun olaraq dəyişməz saxlayıb.
AFN.az xəbər verir ki, Yaxın Şərqdəki gərginliyin yaratdığı enerji böhranına və artan qiymət təzyiqlərinə baxmayaraq, Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini gözlənildiyi kimi sabit saxlayıb.
ECB İdarəetmə Şurası Frankfurtda keçirilən oktyabr iclasından sonra faiz qərarını açıqlayıb.
Beləliklə, ABŞ Federal Ehtiyat Sistemindən (Fed) sonra ECB də faiz artımı dövrünə hələlik fasilə verib.
Banka bazar gözləntilərinə uyğun olaraq depozit faizini 2,50 faiz, əsas yenidən maliyyələşdirmə faizini 2,65 faiz, marjinal kreditləşmə faizini isə 2,90 faiz səviyyəsində dəyişməz saxlayıb.
Bazar analitikləri Yaxın Şərqdəki gərginliyin yaratdığı enerji böhranına və artan qiymət təzyiqlərinə baxmayaraq, Bankın üç əsas faiz dərəcəsini sabit saxlamasını gözləyirdilər. Bununla belə, analitiklər Milad bayramından əvvəl həm ABŞ-da, həm də Avrozonada faizlərin yenidən artırıla biləcəyini proqnozlaşdırırlar.
İclasdan sonra yayımlanan açıqlamada artan enerji qiymətlərinin inflyasiya perspektivi üçün yüksəlmə, iqtisadi artım perspektivi üçün isə azalma riskləri yaratdığı vurğulanıb.
Enerji şokunun dolayı təsirlərinin inflyasiyanı yüksəldə biləcəyinə diqqət çəkilən açıqlamada maliyyələşmə şərtlərinin sərtləşməkdə davam etdiyi bildirilib.
Açıqlamada ECB-nin pul siyasətinin gələcək istiqaməti ilə bağlı əvvəlcədən öhdəlik götürməyəcəyi bir daha qeyd olunub. Bildirilib ki, İdarəetmə Şurası inflyasiyanın orta müddətdə 2 faizlik hədəfə qayıtmasını təmin etmək məqsədilə məlumatlara əsaslanan və hər iclas üzrə qərar qəbul edilən yanaşmasını davam etdirəcək. Qərarlar iqtisadi və maliyyə məlumatlarına, eləcə də pul siyasətinin iqtisadiyyata ötürülmə mexanizminin gücünə uyğun formalaşdırılacaq.
ECB-nin açıqlamasında, həmçinin Aktivlərin Alınması Proqramı (APP) və Pandemiya Dövrü üzrə Fövqəladə Aktivlərin Alınması Proqramının (PEPP) portfellərinin ölçülü və proqnozlaşdırıla bilən sürətlə azaldılmağa davam etdiyi bildirilib.
Faiz qərarından cəmi bir neçə saat əvvəl ECB sədri Kristin Laqardın vəzifəsindən vaxtından əvvəl ayrılacağı açıqlanıb.
ECB-nin açıqlamasında normal şəraitdə səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatacaq Laqardın 2027-ci il fevralın 7-dən etibarən vəzifəsini tərk edəcəyi bildirilib.
Laqardın vaxtından əvvəl istefa qərarının Bakı vaxtı ilə saat 16:45-də başlayacaq mətbuat konfransının əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Bank mənbələri ECB sədri Kristin Laqardın istefa qərarı ilə yanaşı, onun ölkəsindəki iqtisadi vəziyyətin də Frankfurtdakı mətbuat konfransının prioritet mövzularından biri olacağını bildirirlər.
Bu arada yüksək inflyasiya təzyiqi ilə yanaşı, son dövrdə istiqraz faizlərində müşahidə olunan kəskin artım ECB rəhbərliyində narahatlıq doğurur.
Fransada 10 illik dövlət istiqrazlarının göstərici faiz dərəcəsi 2002-ci ildən bəri ilk dəfə 5 faizi ötüb.
Bu inkişafla Fransa istiqrazları ilə təhlükəsiz investisiya vasitəsi hesab edilən Almaniya dövlət istiqrazları arasındakı gəlirlilik fərqi Avro böhranından bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
