DİM dövlət qulluğu imtahanları üçün qeydiyyata başladı
Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları dekabrın 4-də keçiriləcək.
AFN.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, BB vəzifə qrupu üzrə test imtahanı saat 16:00-da keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və namizədlər üçün 920 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı isə dekabrın 4-də saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. AB, AC, BA və BB vəzifə qruplarını əhatə edən imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil ediləcək. Bu imtahan üçün 420 yer ayrılıb. Qeydiyyat oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək davam edəcək.
İmtahanlarda iştirak etmək istəyən, lakin şəxsi kabineti olmayan namizədlər əvvəlcə Mərkəzin internet portalında şəxsi kabinet yaratmalı, daha sonra müvafiq hesaba vəsait daxil etməlidirlər. Qeydiyyat Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı platforması vasitəsilə həyata keçirilir.
Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.




