Niderlandda bəbir hücumuna məruz qalan zoopark əməkdaşı ölüb
Niderlandda çalışdığı safari parkında bəbirin hücumuna məruz qalan heyvan baxıcısı aldığı xəsarətlərdən bir neçə gün sonra həyatını itirib.
AFN.az xəbər verir ki, Beekse Bergen safari parkında təxminən 40 il çalışan və adı açıqlanmayan əməkdaş şənbə günü heyvanın hücumuna məruz qalıb, çərşənbə axşamı isə vəfat edib.
Park rəhbərliyi çərşənbə axşamı yaydığı açıqlamada Beekse Bergen safari parkının heyvan baxıcısının oktyabrın 24-ü şənbə günü parkdakı bəbir ilə baş verən hadisə zamanı aldığı xəsarətlər nəticəsində həmin gün vəfat etdiyini böyük kədərlə bildirib.
Açıqlamada onun ölümünün hər kəsə dərindən təsir etdiyi, ailəsi, dostları və yaxınları ilə birlikdə böyük matəm içində olduqları qeyd edilib. Park rəhbərliyi yaxınlarına və əməkdaşlarına bu ağır itkinin öhdəsindən gəlmək üçün sakitlik və şəxsi həyatlarının toxunulmazlığına hörmət göstərilməsini xahiş edib.
Associated Press xəbər agentliyinin məlumatına görə, qadın iki erkək İran bəbiri ilə eyni bölmədə işləyərkən başından və boynundan ağır xəsarətlər alıb.
Agentlik bildirib ki, bəbirin olduğu bölmədə baş verən hadisədən sonra qadın ratsiya vasitəsilə həmkarları ilə əlaqə saxlayıb. Şənbə günü yerli vaxtla saat 11:00 radələrində hadisə yerinə təcili yardım maşını və tibbi helikopter göndərilib. Təcili əməliyyata alınan qadının vəziyyəti bazar günü axşam saatlarında pisləşib.
Parkın açıqlamasında əməkdaşın Niderlandın cənubunda yerləşən müəssisədə 17 yaşında işləməyə başladığı və qısa fasilələrlə təxminən 40 il ərzində burada fəaliyyət göstərdiyi bildirilib.
CNN-in yayım tərəfdaşı NOS-un məlumatına görə, heyvan baxıcısı səkkiz il idi ki, bəbirlərlə işləyirdi və hücuma məruz qaldığı zaman iki erkək İran bəbiri ilə birlikdə bölmədə tək olub.
Park rəhbərliyi bölmənin daxilində kamera olmadığını, hadisədən sonra isə heyvanlarla adi qaydada davranılmağa davam edildiyini bildirib. Qadının ölümü ilə bağlı müstəqil araşdırmaya başlanılıb.
Yüzdən çox heyvan növünə ev sahibliyi edən Beekse Bergen ziyarətçilərə safari parkını piyada, avtomobillə, avtobusla və qayıqla gəzmək imkanı yaradır.
Bu hadisə zoopark və ya safari parkı əməkdaşının heyvan tərəfindən ölümcül xəsarət aldığı ilk hadisə deyil.
2023-cü ildə Avstriyada zoopark əməkdaşı kərgədanın hücumu nəticəsində həyatını itirib. Daha bir əməkdaşın yaralandığı hadisə Zalsburqdakı Hellbrunn zooparkında baş verib. Bundan iki il əvvəl isə Çilidəki safari parkında çalışan qadın böyük pişiklərin saxlanıldığı bölmədə işləyərkən pələng tərəfindən öldürülüb.

