Plutondan kənarda yeni cırtdan planet namizədi aşkarlanıb
Alimlər Günəş sistemində Plutonun orbitindən kənarda müvəqqəti olaraq ED138 adlandırılan yeni cırtdan planet namizədi aşkar ediblər.
AFN.az xəbər verir ki, gələcək müşahidələr kəşfi təsdiqləyərsə, ED138 Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan Ceres, Pluton, Haumea, Makemake və Eris adlı beş cırtdan planetin sırasına qoşulacaq.
Bu kəşf Çilidə, dəniz səviyyəsindən 2 682 metr yüksəklikdə yerləşən dağın zirvəsində qurulmuş və dünyanın ən böyük rəqəmsal kamerasına sahib Vera C. Rubin Rəsədxanasının teleskopu vasitəsilə aparılan müşahidələr nəticəsində mümkün olub.
Teleskop 2025-ci ildə fəaliyyətə başlayıb və hər üç gündən bir bütün səmanı görüntüləyə bilir.
Smithsonian İnstitutunun baş astrofiziki və Harvard Universitetində astronomiya üzrə müəllim olan Metyu Holman 2026-cı ilin əvvəlində Rubin tərəfindən toplanan məlumatları araşdırmaq üçün birlikdə hazırladığı kompüter proqramını işə salıb. Proqram hərəkət edən obyektlərə dair milyardlarla qeydi təhlil etmək üçün nəzərdə tutulub.
ED138 aşkar ediləndə ilk reaksiyasının həyəcanla qarışıq inamsızlıq olduğunu deyən Holman kompüter proqramında xəta olub-olmadığını dərhal yoxladığını bildirib.
Müşahidəni təsdiqləmək üçün Rubin əməliyyatları komandasının üzvü olan Holman Rubin Günəş Sistemi üzrə baş elmi mütəxəssisi və Vaşinqton Universitetinin astronomiya kafedrasının professoru Mario Yuriçlə birgə işləyib.
Yuriç Rubin kataloqunda ED138 ilə bağlı əlavə müşahidələri axtarıb və 2026-cı ilin martına qədər aparılmış daha 20 müşahidə qeydi tapıb. Daha sonra tədqiqatçılar başqa mənbələrdən istifadə edərək obyektin orbitini 10 il geriyə doğru müəyyənləşdirə biliblər. Bununla belə, Holman ED138-in hələ rəsmi olaraq cırtdan planet sayılmadığını vurğulayıb. Onun sözlərinə görə, obyekt hazırda yalnız namizəddir və həqiqi ölçüsünü müəyyənləşdirmək lazımdır. Bunun isə çox güman ki, bir neçə ay çəkəcəyi gözlənilir.
ED138-in diametrinin 600-1 500 kilometr arasında olduğu təxmin edilir. Bu, onu tanınmış cırtdan planetlərin ən kiçiyi olan Ceresdən daha böyük edir. Obyekt hazırda Günəş ətrafında təxminən 46 astronomik vahid məsafədə fırlanır. Hər astronomik vahid Yer ilə Günəş arasındakı orta məsafəyə bərabərdir. Bu isə ED138-in Plutondan daha uzaqda yerləşdiyini və Neptunun orbitindən kənarda fırlanan obyektlər sinfinə aid olduğunu göstərir.
Holmanın sözlərinə görə, gecə səmasında adi gözlə görünməyən ED138 kifayət qədər parlaqdır və haraya baxacağını bilən təcrübəli həvəskar astronomlar tərəfindən müşahidə edilə bilər.
Holman bildirib ki, ED138-in indiyədək aşkarlanmamasının səbəblərindən biri onun cənub yarımkürəsində yerləşməsidir. Buna görə də obyektin şimal yarımkürəsindən müşahidəsi çox çətindir. Bu amil onu aşkar edə biləcək bir çox teleskopu istisna edir, çünki cənub yarımkürəsində səmanı araşdıran teleskopların sayı çox deyil.
ED138-in uzun müddət gizli qalmasının digər səbəbi onun qalaktikamızın yerləşdiyi müstəvi boyunca hərəkət etməsidir. Holman izah edib ki, son 20 il ərzində obyekt bizim baxış bucağımıza görə Süd Yolu boyunca hərəkət edib. İnsanlar adətən Süd Yolunda obyekt axtarmırlar, çünki burada çoxlu ulduz var və onların arasında hərəkət edən cisimləri tapmaq olduqca çətindir.
Yeni cırtdan planet namizədi Rubin teleskopunun aşkarladığı və əsasən asteroidlərdən, eləcə də daha kiçik Neptunötəsi obyektlərdən ibarət getdikcə genişlənən siyahıya əlavə olunub. Holmanın fikrincə, ED138 ölçüsündə daha bir neçə obyekt mövcud ola bilər və Rubin teleskopu gələcəkdə onları da aşkarlaya bilər.
Belfastdakı Kraliça Universitetinin astrofizika üzrə müəllimi və Rubin Günəş Sistemi Əməliyyatları komandasının üzvü Meqan Şvamb elektron poçtla verdiyi açıqlamada Rubin Rəsədxanasının Günəş sisteminin inventarını daha dərin səviyyədə hazırlamaq işini çox yaxşı gördüyünü bildirib. O, teleskopun sınaq müşahidələrinin ilkin mərhələsində belə bir obyektin aşkarlanmasına təəccübləndiyini və bunun cari il üçün gözləntiləri arasında olmadığını qeyd edib. Şvamb əlavə edib ki, Rubin teleskopunun sürət, dərinlik və səmanın geniş əhatəsi imkanlarının birləşməsi qarşıdakı onillikdə, xüsusilə də növbəti bir neçə ildə Günəş sisteminə baxışımızı dəyişəcək.
Beynəlxalq Astronomiya İttifaqı 2006-cı ildə Günəş ətrafında fırlanan, əsasən kürə formasında olan və orbitini özünə bənzər ölçüdəki obyektlərdən təmizləyəcək qədər böyük cisimləri planet kimi müəyyən edən yeni tərifi qəbul edib.
Alimlər sonuncu şərti ödəmədiyi üçün Plutonun statusunu aşağı salmaq barədə mübahisəli qərar veriblər. Beləliklə, Günəş sistemində planetlərin sayı doqquzdan səkkizə enib. Eyni zamanda Pluton və ona bənzər obyektlər Günəş ətrafında fırlanan, lakin orbitlərini digər cisimlərdən təmizləyəcək qədər böyük olmayan, demək olar ki, kürə formalı obyektlər — cırtdan planetlər kimi təsnif edilməyə başlayıb.
ED138 yeni cırtdan planet kimi təsdiqlənərsə, astronomlar əvvəlcə ona daimi nömrə, daha sonra isə xüsusi ad verəcəklər. Lakin bu proses vaxt apara bilər və adı kimin seçəcəyi ilə bağlı təfərrüatlar hələ də qeyri-müəyyəndir.
Holman artıq insanların ona müxtəlif ad təklifləri göndərdiyini və bu adların bəzilərinin başqa obyektlərə verildiyini bildirib. O, prosesin maraqlı olacağını və özünün də təklif irəli sürə biləcəyini desə də, bunun böyük layihə olduğunu və buna görə həddindən artıq ümidlənmədiyini vurğulayıb.
ED138-in kəşfində iştirak etməyən Yeni Zelandiyanın Kanterberi Universitetinin dosenti Mişel Bannister bu tapıntının onun elmi sahəsi üçün əhəmiyyətli olduğunu bildirib. Günəş sisteminin kiçik cisimlərini araşdıran Bannister obyektin Neptunötəsi cisim olması və fiziki baxımdan kifayət qədər böyük olsa da, adi gözlə görünməyəcək qədər zəif parlaması səbəbindən kəşfi elmi baxımdan çox maraqlı adlandırıb.
Bannister əlavə edib ki, obyektin ölçüsü onun ayrıca bir dünya olduğunu düşünməyə başlamaq üçün uyğun diapazondadır. Onun sözlərinə görə, indi digər teleskoplar da obyekt haqqında daha çox məlumat toplamaq üçün müşahidələri davam etdirəcəklər.
Bannister bildirib ki, ora kosmik aparat göndərilsəydi, Plutonda olduğu kimi azot buzlağının mövcudluğu müşahidə edilə bilərdi və bu, möhtəşəm olardı. O, hazırda məlum olan yeganə xüsusiyyətin obyektin böyük olması olduğunu, fiziki quruluşu ilə bağlı digər fikirlərin isə hələlik fərziyyədən ibarət qalacağını vurğulayıb.
