İngiltərədə yeni dinozavr növü müəyyən edilib



İngiltərədə 25 il əvvəl gil karxanasında aşkar edilən dinozavr fosili nəhayət, tamamilə yeni cins və növ kimi təsnif edilib.

AFN.az xəbər verir ki, Paludohadros proudlovii adlandırılan bitkiyeyən dinozavr təxminən 125 milyon il əvvəl, İngiltərənin cənubunun böyük hissəsinin palçıqlı bataqlıqlarla örtüldüyü dövrdə yaşayıb. Bu təsnifat alimləri muzey kolleksiyalarında onilliklər ərzində saxlanılan digər fosilləri də yenidən araşdırmağa sövq edir.

Dörd ayaq üzərində hərəkət edən ot yeyən dinozavrın təxminən 5 metr uzunluğunda və 1,5–2 metrik ton ağırlığında olduğu bildirilir. Bu göstəricilər onu ölçüsünə görə kərgədanla müqayisə etməyə imkan verir. Lakin sümüklərinin tam inkişaf etməməsi onun öldüyü zaman hələ gənc olduğunu göstərir. Yetkin Paludohadrosun ölçüsünün bunun iki qatına çata biləcəyi ehtimal edilir.

Paludohadros Erkən Təbaşir dövründəki yaşayış mühitini 1983-cü ildə Surreydəki eyni karxanada aşkar edilmiş iri, iki ayaq üzərində hərəkət edən ətyeyən Baryonyx walkeri ilə bölüşüb. Baryonyx əsasən balıqla qidalanması ilə tanınsa da, onun son yeməyində cavan iquanodont dinozavrına aid qalıqların tapılması digər dinozavrların da qida rasionuna daxil olduğunu göstərir.

London Təbiət Tarixi Muzeyinin və Birmingem Universitetinin tədqiqatçısı, araşdırmanın baş müəllifi professor Syuzanna Meydment bildirib ki, Paludohadrosun fosilləri Təbiət Tarixi Muzeyində araşdırdıqları Baryonyx qalıqlarından cəmi 100 metr məsafədə tapılıb. Baryonyx balıqla qidalanması ilə tanınsa da, onun son yeməyində cavan iquanodont dinozavrınun da olduğu müəyyən edilib.

Meydment həmin qalıqların hansı növə aid olduğunu dəqiq söyləyə bilmədiklərini vurğulayıb. Buna görə də Baryonyx-in gənc Paludohadrosun qalıqları ilə qidalanmış, hətta fürsət düşəndə onu ovlamış ola biləcəyi ehtimal edilir.

Paludohadros, qismən xarakterik baş barmaq tikanları ilə seçilən, geniş yayılmış bitkiyeyən dinozavrlar qrupu olan iquanodontlara aid olub. Uzun illər ərzində İngiltərənin cənubunda tapılan iquanodont fosilləri, əsasən, iki cinsdən birinə — İquanodon və ya onun daha kiçik qohumu Mantellisaurusa aid edilib.

Təbiət Tarixi Muzeyinin tədqiqatçıları tərəfindən 2023-cü ildə dərc olunan Mantellisaurusun ətraflı elmi yenidən qiymətləndirilməsi əvvəllər diqqətdən kənarda qalan anatomik fərqləri üzə çıxarıb. Bu fərqlər paleontoloqlara Brighstoneus, Comptonatus, yelkənvari bel quruluşuna malik Istiorachis və indi də Paludohadros daxil olmaqla bir neçə ayrı iquanodont dinozavrını müəyyənləşdirməyə kömək edib.

Son təsnifat tədqiqatçıları köhnə muzey nümunələrini yenidən araşdırmağa sövq edib. Hələ 1950-ci illərdə toplanmış bir neçə fosilin Paludohadrosa aid olduğu müəyyənləşdirilib. Beləliklə, alimlər onun ayrıca bir cins olduğunu anlamazdan xeyli əvvəl bu dinozavra aid əlavə nümunələrin qorunub saxlanıldığı üzə çıxıb.

Paludohadrosun ilkin fosili 2001-ci ildə Surreydəki Ewhurst kərpic və kirəmit zavodunda aşkar edilib, daha sonra isə Təbiət Tarixi Muzeyinə bağışlanıb. Cinsin adı latın dilində bataqlıq mənasını verən palus sözündən götürülüb və dinozavrın yaşadığı bataqlıq ərazini əks etdirir.

Növün adındakı proudlovii sözü isə karxanada işləyərək sonradan onun rəhbəri vəzifəsinə yüksəlmiş Uill Proudlovun xatirəsini yaşadır. Karxana işləri zamanı üzə çıxan fosillərə böyük maraq göstərən Proudlov dinozavr aşkar edilməzdən qısa müddət əvvəl, 35 yaşında vəfat edib. Onun həyat yoldaşı Reyçel və azyaşlı övladları Elli ilə Mett geridə qalıb.

Reyçel Proudlov bildirib ki, həyat yoldaşı həmişə dinozavr fosillərinə maraq göstərib və karxanadan hər gil təbəqəsi çıxarılanda oradan nə tapılacağını böyük maraqla gözləyib. O qeyd edib ki, dinozavr Uillin ölümündən cəmi bir il sonra aşkar edilsə də, həmin vaxtdan bəri onun hekayəsi ailənin həyatının bir hissəsinə çevrilib.

Reyçel Proudlov 2001-ci ildə ailənin qazıntı işlərini izləməyə dəvət olunduğunu xatırladıb. O, bu qədər vaxt keçdikdən sonra fosilin yalnız yeni dinozavr növü deyil, həm də yeni cins kimi tanınmasının təəccüblü olduğunu bildirib. Uillin adının və irsinin bu dinozavrda yaşamağa davam etməsindən böyük xoşbəxtlik və qürur duyduqlarını vurğulayıb.

Tədqiqat London Təbiət Tarixi Muzeyində və San-Paulu Universitetində doktorantura təhsili alan Rikardo Sakamoto tərəfindən aparılıb. Sakamoto yeni növlərin müəyyənləşdirilməsinə imkan verə biləcək anatomik fərqləri axtarmaq üçün muzeyin geniş iquanodont fosilləri kolleksiyasını araşdırmağa davam etməyi planlaşdırır.

Sakamoto Paludohadrosun adını verdiyi ilk növ olduğunu və onun üzərində işləməkdən şərəf duyduğunu bildirib. O, əvvəllər heç kimin təsvir etmədiyi yeni bir növ aşkar etdiyini anladığı anı hələ də xatırladığını deyib.

Doktorantura tədqiqatı çərçivəsində Təbiət Tarixi Muzeyinin iquanodont kolleksiyalarını araşdıracağını bildirən Sakamoto bu işin hələ tanınmamış daha çox yeni dinozavr növünün aşkar edilməsinə səbəb ola biləcəyini qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu