Afrikada 210 milyon illik yeni dinozavr növü aşkarlandı
Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölünün sahilində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünə aid fosillər aşkarlayıb.
AFN.az xəbər verir ki, alimlər Afrika qitəsinin hələ kəşf edilməmiş nəhəng fosil zənginliyinə ev sahibliyi etdiyini və bu tapıntının “aysberqin yalnız görünən hissəsi” olduğunu bildirirlər.
Timsahlar və begemotlarla əhatə olunan Kariba gölü ətrafında aparılan çətin qazıntı işləri paleontologiya dünyasında həyəcan doğuran kəşflə nəticələnib.
Səkkiz il davam edən diqqətli qazıntı və analizlərdən sonra müəyyən edilən yeni növə yerli dildə “kolluqda yaşayan” mənasını verən “Musango matusadonaensis” adı verilib.
Gec Trias dövründə, hələ qitələrin ayrılmadığı Qondvana superqitəsində yaşamış bu canlının Diplodokus kimi uzunboyunlu nəhəng dinozavrların ilk əcdadlarından biri olduğu müəyyən edilib.
Təxminən səkkiz yaşında və demək olar ki, tam yetkinliyə çatdığı dövrdə öldüyü müəyyən edilən dinozavrın uzunluğunun 4,5 metr, çəkisinin isə 222 kiloqram olduğu hesablanıb. Onurğa, qabırğa, qol, ayaq və pəncə sümükləri aşkarlanan canlının kəlləsi isə hələ tapılmayıb.
Tədqiqatçılar su kənarındakı bitkilərlə qidalanan ot yeyən və ya hər şey yeyən bu növün dəqiq qidalanma vərdişlərini və hissi xüsusiyyətlərini tam müəyyənləşdirmək üçün kəllə fosilinin tapılmasının vacib olduğunu bildirirlər. İki ayaq üzərində yeridiyi müəyyən edilən bu növ Zimbabvedə indiyədək müəyyənləşdirilmiş yalnız beşinci dinozavr olmaq xüsusiyyətini daşıyır.
Cənubi Afrika, İngiltərə və Zimbabvedən olan mütəxəssislərin iştirak etdiyi çöl araşdırması bölgədəki sıx vəhşi təbiət səbəbindən son dərəcə təhlükəli şəraitdə aparılıb. Ən yaxın yaşayış məntəqəsindən 50 kilometr uzaqda, Matusadona Milli Parkının sərhədlərində çalışan komanda çaydan səyyar laboratoriya kimi istifadə edib.
Timsah, begemot, fil və şir təhlükəsinə qarşı yerli bələdçilərin mühafizəsi altında aparılan işlər paleontoloqların indiyədək qarşılaşdığı ən riskli, lakin ən məhsuldar kəşf səfərlərindən biri kimi tarixə düşüb.
Trias və Yura dövrləri arasındakı keçid mərhələsinə işıq salan bu kəşf dinozavrların Yer üzündə dominant növə çevrilməsi prosesini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Dünyada bu qədər qədim süxurların və yaxşı qorunmuş çöküntü hövzələrinin olduqca nadir olduğunu xatırladan tədqiqatçılar Cənubi Afrikadakı fosil quruluşunun düşünüldüyünün əksinə, eynitipli olmadığını və bölgəyə xas böyük fərqliliklərə malik olduğunu gördüklərini vurğulayırlar.
Mütəxəssislər keçmişdəki siyasi münaqişələr və nəqliyyat çətinlikləri səbəbindən Afrikanın uzun illər ərzində Avropa və Şimali Amerika qədər ətraflı araşdırılmadığını, gələcəkdə aparılacaq yeni qazıntılarla birlikdə qitənin tarixdən əvvəlki potensialının daha aydın başa düşüləcəyini proqnozlaşdırırlar.
