Venesuela İngiltərə Bankında saxlanılan 31 ton qızılını geri istəyir
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges İngiltərə Bankından ölkənin qızıl ehtiyatlarını geri qaytarmağı tələb edib.
AFN.az xəbər verir ki, Rodriges bu barədə Nazirlər Şurasının iclasında danışıb. O bildirib ki, Venesuela qızılın qaytarılması tələbindən imtina etməyəcək və bu məsələdə bəhanələrə son qoyulmalıdır.
Rodrigesin sözlərinə görə, Venesuela parlamenti ilə 2015-ci ildə formalaşmış müxalifət parlamenti arasında ölkənin qızıl ehtiyatlarının geri qaytarılmasını tələb edən razılaşma əldə olunub. O, xarici işlər nazirliyinə və Baş Prokurorluğa qızıl ehtiyatlarının qaytarılması üçün müvafiq tədbirlərə başlamağı tapşırıb.
Rodriges vurğulayıb ki, İngiltərə Bankında saxlanılan qızıl Venesuela xalqına məxsusdur və ölkəyə qaytarılmalıdır.
Məlumata görə, İngiltərə Bankının anbarlarında Venesuelaya məxsus 31 ton qızıl saxlanılır. Onun təxmini dəyəri 4,8 milyard dollar təşkil edir.
Qızıl ehtiyatları ətrafında mübahisə 2018–2019-cu illərdə, Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımaqdan imtina etməsi ilə başlayıb.
Venesuelada daxili siyasi dəyişikliklər baş verməsinə və dövlət başçısının səlahiyyətlərinin Delsi Rodrigesə keçməsinə baxmayaraq, Böyük Britaniya ölkənin yeni rəhbərliyini tanımır və qızıl ehtiyatlarını qaytarmaqdan imtina edir. London bu mövqeyini Venesuelaya qarşı tətbiq edilən sanksiyalar rejimi ilə də əsaslandırır.
