Okinavadakı qətldən sonra Yaponiya ABŞ-dan tədbir görülməsini tələb edib
Yaponiya ABŞ-dan Okinava adasında amerikalı hərbçilərin yeni cinayətlər törətməsinin qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.
AFN.az "Asahi" qəzetinə istinadən xəbər verir ki, Yaponiyanın müdafiə naziri Sindziro Koizuminin Pentaqon rəhbəri Pit Heqsetdən bu istiqamətdə addımlar atmağı istədiyi ehtimal olunur. Bu məsələnin nazirlərin Filippində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin müdafiə nazirlərinin genişləndirilmiş görüşü çərçivəsində baş tutan görüşündə müzakirə edilməsi nəzərdə tutulur.
Məlumata görə, Koizumi, həmçinin Heqsetə Yaponiyanın müdafiə potensialını artırmaq istiqamətində gördüyü işlər barədə danışıb. ABŞ prezidenti Donald Trampın müttəfiqlərindən hərbi xərcləri kəskin artırmağı tələb etməsi fonunda bu məsələyə xüsusi diqqət yetirilir. Yaponiyada ilin sonunadək milli təhlükəsizlik strategiyasının yenilənmiş versiyasının və müdafiə sahəsində daha iki əsas sənədin qəbul edilməsi planlaşdırılır.
Oktyabrın 4-də Okinavada 20 yaşlı ABŞ hərbçisi 39 yaşlı qadını Naha şəhərində öldürməkdə və qarət etməkdə şübhəli bilinərək saxlanılıb. Qadının meyiti yerli hotellərdən birində tapılıb. Şübhəli şəxs müşahidə kameralarının görüntüləri əsasında müəyyən edilib.
İstintaqın məlumatına görə, hərbçi qadını boğaraq öldürüb, daha sonra onun pul kisəsini və digər şəxsi əşyalarını götürüb. Ona qarşı ittiham irəli sürülüb, lakin saxlanılan şəxs qətldə iştirakını inkar edir.
Hadisə ilə əlaqədar Okinavada ABŞ hərbçilərinə 30 gün müddətinə sərt məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlərə, xüsusilə spirtli içkilərdən istifadənin qadağan olunması daxildir. Yaponiyanın baş naziri Sanae Takaiçi və digər rəsmi şəxslər ABŞ hərbi rəhbərliyindən nizam-intizamın gücləndirilməsi və qayda-qanunun təmin edilməsi üçün tədbirlər görməyi tələb ediblər.
Okinava Yaponiyanın ümumi ərazisinin cəmi 0,6 faizini təşkil etsə də, ölkədəki ABŞ hərbi obyektlərinin ümumi ərazisinin 70 faizindən çoxu və Yaponiyada yerləşdirilmiş ABŞ hərbi kontingentinin təxminən 70 faizi burada cəmləşib.
