Aİ iqlim fəlakətlərinə hazırlıq planını gücləndirir



Avropa İttifaqı (Aİ) quraqlıq, daşqın və meşə yanğınları kimi iqlim dəyişikliyindən qaynaqlanan fəlakətlərə qarşı hazırlıq səviyyəsini artırmaq üçün yeni plan hazırlayıb. 

AFN.az xəbər verir ki, Avropa Komissiyası qitənin iqlim risklərini əvvəlcədən müəyyənləşdirmək, onlara hazırlaşmaq və idarə etmək imkanlarını gücləndirmək məqsədilə Aİ-nin İqlim Dayanıqlılığı Çərçivəsini hazırlayıb.

Komissiyanın açıqlamasında 2022–2025-ci illərdə iqlimlə əlaqəli iqtisadi itkilərin təxminən 200 milyard avroya çatdığı bildirilib və fəlakətlərə qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti vurğulanıb.

Avropanın infrastrukturunu və iqtisadiyyatını dəyişən iqlim şəraitinə uyğunlaşdırmaq üçün ildə təxminən 70 milyard avro investisiyaya ehtiyac olduğu qeyd edilib. Yeni çərçivə ilə enerji, nəqliyyat, kənd təsərrüfatı, su və səhiyyə sahələrindəki plan və investisiyalarda iqlim risklərinin nəzərə alınması hədəflənir.

Açıqlamada bildirilib ki, çərçivə çərçivəsində təqdim edilən qanun layihəsi üzv ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma planlarının vahid milli planda birləşdirilməsini nəzərdə tutur. Bununla inzibati yükün azaldılması və ölkələr arasında koordinasiyanın gücləndirilməsi məqsəd qoyulur.

Yerli idarəetmə orqanları və müəssisələr üçün təqdim ediləcək rəqəmsal alətlər vasitəsilə bölgələrin üzləşə biləcəyi iqlim təhlükələri xəritələrdə göstəriləcək və uyğun həll yollarına çıxış asanlaşdırılacaq.

Həddindən artıq isti havanın insan sağlamlığına təsirini azaltmaq üçün Avropa İsti Hava Dalğası Planının hazırlanacağı, təbii fəlakətlərə qarşı sığorta əhatəsini genişləndirmək məqsədilə isə İqlim Sığortası Alyansının yaradılacağı bildirilib.

Açıqlamada su səmərəliliyini artırmaq, quraqlıq və daşqınlara hazırlığı gücləndirmək üçün yeni addımların atılacağı da qeyd olunub. Həmçinin Avropada iqlim risklərinə ən çox məruz qalan 100 bölgənin müəyyənləşdiriləcəyi bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu