El Salvadorda El Ninonun təsirləri ilə bağlı qırmızı həyəcan elan edildi



Mərkəzi Amerika ölkəsi El Salvadorda El Nino hadisəsinin səbəb ola biləcəyi qasırğa və quraqlıq kimi iqlim hadisələri ilə əlaqədar qırmızı həyəcan elan edilib.

AFN.az xəbər verir ki, ölkədə El Ninonun təsirini artıracağı gözlənilən iqlim hadisələrinin mənfi nəticələrinə qarşı tədbirlər görüləcək.

Milli mətbuatda yayılan xəbərə görə, El Salvador Mülki Müdafiə Baş İdarəsi təsirini artıracağı gözlənilən El Nino ilə əlaqəli qasırğa və quraqlıq dalğasının mənfi təsirlərinə qarşı zəruri tədbirlərin görüləcəyini açıqlayıb.

Açıqlamada El Nino ilə əlaqəli iqlim hadisələri səbəbindən ölkədə qırmızı həyəcan elan edildiyi bildirilib və “Hidrometeoroloji və iqlim təhdidlərinə qarşı fəlakətə hazırlıq, qarşısının alınması və risklərin azaldılması tədbirlərini vaxtında həyata keçirərək əhalinin həyatını, bütövlüyünü, rifahını, dolanışıq mənbələrini və ərzaq təhlükəsizliyini qorumaq dövlətin əsas vəzifəsidir” ifadəsinə yer verilib.

El Nino ilə əlaqəli həddindən artıq isti havaya da diqqət çəkilən açıqlamada bunlar qeyd edilib:

“Yağıntı çatışmazlığı, təkrarlanan quraqlıq dövrləri, mövsüm normalarından yüksək temperatur və quraq mövsümə keçidin eyni vaxtda yaşanmasının cəmiyyətin həssaslığını artırdığı; bu vəziyyətin su ehtiyatlarına, kənd təsərrüfatı və heyvandarlıq istehsalına, dolanışıq mənbələrinə və ərzaq təhlükəsizliyinə mənfi təsir etdiyi, su qıtlığının ictimai sağlamlıq, su ehtiyatları və keyfiyyəti, istehsal sistemləri və ərzaq təhlükəsizliyi üzərində mümkün təsirlərini proqnozlaşdırmaq, azaltmaq və idarə etmək məqsədilə erkən, qabaqlayıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi və gücləndirilməsi lazımdır”.

Ətraf Mühit və Təbii Sərvətlər naziri Fernando Lopez avqustun 20-də verdiyi açıqlamada El Salvadorun şərq və sahilyanı bölgələrinin El Nino ilə əlaqəli qasırğa və quraqlıq dalğasının təsiri ilə son aylarda üçüncü dəfə quraqlıqla üzləşdiyini və sentyabrdan etibarən fırtına tipli yağıntı dalğası gözlənildiyini bildirib.

Dünya Meteorologiya Təşkilatı (WMO) da son hesabatında El Ninonun qarşıdakı aylarda sürətlə güclənərək intensivliyini artıracağını və bunun ekstremal hava hadisələri və təbii fəlakət riskini artıracağını bildirib.

Məlumatlara görə, Şərqi və Mərkəzi Sakit okeanda dəniz səthinin temperaturunun iyul-sentyabr dövründə sürətlə artacağı və temperaturun 2 dərəcədən çox yüksəlməsi ilə güclü El Nino dövrünün yaşanacağı proqnozlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu