"Atlas Group" gələcəyin mütəxəssislərinə investisiya edir – BDU tələbələrinə təqaüd təqdim olunub


Gənclərin təhsilinə və peşəkar inkişafına dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Atlas Group növbəti təşəbbüsünü həyata keçirib. Şirkət Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələrinə təqaüd təqdim edərək gələcəyin mütəxəssislərinin yetişdirilməsinə töhfə verib.

Bakı Dövlət Universitetində universitet–sənaye tərəfdaşlığı çərçivəsində təşkil olunan təqaüd təqdimatı mərasimində Geologiya fakültəsinin ümumilikdə 15 tələbəsi Atlas Group da daxil olmaqla, 7 özəl şirkətin təsis etdiyi təqaüdlərə layiq görülüb.

Tədbirdə BDU-nun rəhbərliyi, akademik heyəti, tərəfdaş şirkətlərin nümayəndələri və tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev universitet–sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu cür təşəbbüslərin elmlə istehsalat arasında əlaqələrin gücləndirilməsinə, gənclərin potensialının inkişafına və ölkənin iqtisadi tərəqqisinə mühüm töhfə verdiyini bildirib.

Rektor müasir sənayenin rəqabətqabiliyyətli insan kapitalına ehtiyac duyduğunu qeyd edərək yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında universitetlərlə özəl sektor arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

GeoCamp-dan təqaüd proqramına: gənclərin inkişafına davamlı dəstək

Atlas Group-un BDU tələbələrinə təqdim etdiyi təqaüd şirkətin gənclərin təhsilinə və peşəkar inkişafına yönəlmiş fəaliyyətinin davamıdır.

Belə ki, şirkət 2026-cı ilin avqust ayında BDU-nun Geologiya fakültəsinin tələbələri üçün təşkil olunmuş “GeoCamp” yay düşərgəsinə də dəstək göstərib.

Layihə çərçivəsində tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməsi, sənaye sahəsində tətbiq olunan müasir texnologiyalarla tanış olması və peşəkar mühit haqqında daha geniş təsəvvür əldə etməsi üçün imkanlar yaradılıb.

Düşərgə zamanı Atlas Group-un dəstəyi ilə keçirilən təqdimatlarda dünya miqyasında tanınan Atlas Copco və Epiroc brendlərinin innovativ avadanlıqları, texnoloji üstünlükləri və sənayedə tətbiq imkanları barədə tələbələrə məlumat verilib.

GeoCamp layihəsinə dəstək və ardınca həyata keçirilən təqaüd təşəbbüsü Atlas Group-un gənclərin inkişafına sistemli yanaşmasını, təhsil müəssisələri ilə sənaye sektoru arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi önəmi nümayiş etdirir.

Təhsilə investisiya sənayenin gələcəyinə investisiyadır

Sənaye, tikinti, energetika və dağ-mədən sektorlarında kompleks texniki və mühəndislik həlləri təqdim edən Atlas Group hesab edir ki, ölkənin sənaye potensialının inkişafı yalnız müasir texnologiyaların tətbiqindən deyil, həm də həmin texnologiyaları idarə edəcək peşəkar kadrların yetişdirilməsindən asılıdır.

Bu baxımdan şirkət gənclərin keyfiyyətli təhsil almasını, praktiki bilik və bacarıqlar qazanmasını, əmək bazarının real tələblərinə uyğun mütəxəssis kimi formalaşmasını strateji əhəmiyyətli istiqamət hesab edir.

Atlas Group üçün təhsilə dəstək yalnız sosial məsuliyyət deyil, həm də ölkənin gələcək sənaye potensialına qoyulan uzunmüddətli investisiyadır.

Şirkət universitet–sənaye əməkdaşlığının genişləndirilməsini, tələbələrin real iş mühiti və innovativ texnologiyalarla tanışlığını, eləcə də gənc istedadların təşviq edilməsini dayanıqlı inkişafın mühüm şərtlərindən biri kimi qiymətləndirir.

Atlas Group bundan sonra da bilik və bacarıqlarını inkişaf etdirməyə çalışan gəncləri dəstəkləməyə, təhsil və sənaye arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu