BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
Bakı Dövlət Universitetində (BDU) Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır.
AFN.az xəbər verir ki, bununla bağlı BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.
Yeni Mərkəz Yer elmləri, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, təbii ehtiyatların səmərəli idarə olunması və dayanıqlı inkişaf istiqamətləri üzrə elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və genişləndirilməsi məqsədilə yaradılıb.
Mərkəzin yaradılması geologiya, coğrafiya, ekologiya, geofizika və əlaqəli elmi istiqamətlər üzrə aparılan tədqiqatların inteqrasiyasına, fənlərarası elmi əməkdaşlığın inkişafına, müasir tədqiqat metodlarının tətbiqinə və elmi nəticələrin praktiki əhəmiyyətinin artırılmasına imkan verəcək. Mərkəz iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi, su və torpaq ehtiyatlarının idarə olunması, biomüxtəlifliyin qorunması, ekoloji risklərin müəyyənləşdirilməsi və ətraf mühit problemlərinin elmi əsaslarla araşdırılması istiqamətlərində kompleks tədqiqatların aparılmasına, yerli və beynəlxalq elmi təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə, qrant layihələrinin hazırlanmasına və elmi nəticələrin kommersiyalaşdırılmasına şərait yaradacaq.
Mərkəzin yaradılması BDU-nun elmi-tədqiqat potensialının gücləndirilməsinə, aktual ekoloji və geoloji problemlərin həllinə elmi töhfələrin verilməsinə, beynəlxalq elmi əməkdaşlıq və tədqiqat mühitində mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək.
